logo

Gürcüstan bu il Azərbaycandan 65,3 min ton benzin və dizel yanacağı idxal edib

Views: 163

Cari ilin may ayında Gürcüstan 86 min ton neft məhsulları idxal edib. Bu da aprellə müqayisədə 25,5 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 0,9 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları Birliyi (SİNQ) məlumat yayıb.

Bildirilir ki, Gürcüstan neft məhsullarını əsasən Rusiya, Rumıniya, Azərbaycan, Türkmənistan, Bolqarıstan, Yunanıstan, Qazaxıstan və Türkiyədən idxal edib. Cari ilin yanvar-may ayları ərzində Gürcüstan ən çox Rusiyadan neft məhsulları idxal edib (136,6 min ton). Bu da Gürcüstanın ümumi neft məhsulları idxalının 34,2 faizinə bərabər olub. İkinci yerdə 73,4 min tonla Rumıniya dayanır.

Azərbaycan həmin dövrdə Gürcüstanın əsas neft idxalatçıları sırasında 3-cü yerdə qərarlaşıb. Yanvar-may aylarında Azərbaycandan qonşu ölkəyə 65,3 min ton benzin və dizel yanacağı ixrac olunub.

Ümumilikdə isə Gürcüstan 398,9 min ton neft məhsulları idxal edib. Bu isə 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 1,3 faiz azdır. Cari ilin may ayında Gürcüstan 41,1 min ton benzin, 44,8 min ton dizel yanacağı idxal edib. Hesabat dövründə benzin idxalı 3,5 faiz artıb, dizel yanacağı idxalı isə 1,5 faiz azalıb.

0

Your Cart