logo

Azərbaycanda əhali avtomobillərdən az istifadə etməyə başlayıb – Araşdırma

Views: 187

Azərbaycanda ilk dəfə yanacaq istehlakının azalma faktı qeydə alınıb. Bu fakt Dövlət Statistika Komitəsinin may ayında açıqlanan hesabatında öz əksini tapıb.

Açıqlanan məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycanda benzin və dizel yanacağının parakəndə satış həcmləri 626,6 milyon manat təşkil edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə satış həcmləri 1,8% azalıb. Daha dəqiq ifadə etsək, 2019-cu ilin yanvar-aprel aylarında istehlakçılara 638,1 milyon manatlıq yanacaq satılmışdı.  

Yəni cari ilin dörd ayında yanacağın parakəndə satışı 11,5 milyon manat azalıb. “Caspian Barrel” maraqlı bir faktı üzə çıxarıb. Bu dəfə Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarının təhlil etdikdən sonra məlum olub ki, 2019-cu ilin aprelindən 2020-ci il aprelin sonuna qədər Azərbaycana 53 min 211 ədəd avtonəqliyyat vasitəsi idxal edilib.

Son 1 ildə Azərbaycana idxal edilən avtonəqliyyat vasitələri

Avtonəqliyyat vasitələri 2019-cu ilin may-dekabrında 2020-ci ilin yanvar-aprelində 2019 aprel-2020 aprel
Minik avtomobilləri 32 542 16 020 48 562
Yük avtomobilləri 2 806  1 048   3 854
Avtobuslar 494 69      563
Xüsusi təyinatlı avtomobillər 173 59      232
Cəmi 36 015 17 196 53 211

Bundan əlavə 2019 aprel – 2020 aprel müddətində Azərbaycanda 2596 ədəd minik avtomobili və 559 ədəd traktor istehsal edilib. 1 may 2020-ci il tarixinə anbarlarda 218 avtomobil və 281 traktor satılmamış kimi qeydiyyatda olub.

Yəni statistikadan çıxarılanları ümumiləşdirsək belə bir nəticəyə gəlmək olar ki, Azərbaycana 2020-ci ilin mayına qədər ölkədə avtonəqliyyat vasitələrinin sayı 56 min ədəd artsa da, istehlak edilən yanacağın həcmi azalıb.

Azalmanın ilk baxışdan görünən səbəbləri aydındır: 2020-ci ilin mart ayının 24-dən Azərbaycan sərt karantin rejiminə keçid etdi və mayın əvvəlinə qədər bu rejimdə yaşadı. Hərəkət ciddi şəkildə məhdudlaşdırılmışdı: nəinki yaşayış məntəqələri arasında, hətta iri şəhərlərin daxilində belə hərəkət kifayət qədər limitlənmişdi – ictimai nəqliyyatdan tutmuş fərdi avtomobillərə qədər.

İkinci bir amil 2020-ci ildə Bakı və ətraf qəsəbələr üzrə bir sıra ictimai nəqliyyat marşrutlarında dizel yanacağı ilə işləyən avtobusların sıxılmış qaz mühərrikli (CNG) avtobuslarla əvəzlənməsidir. Ancaq  bu avtobusların sayı 300 ədəd olub və yanacağın ümumi azalma mənzərəsinə təsir edəcək imkanlara malik deyil.

İdxal edilmiş və ölkədə istehsal edilib satılmış avtomobillərin yalnız 53,5%-nin, yəni 30 min ədədinin gündəlik orta hesabla 2 manat yanacaq yandırmasını ehtimal etsək, bu, bir ildə yanacaq istehlakı üçün çəkilən xərclərin 21,9 milyon manat artımı deməkdir.

Buradan belə qənaətə gəlmək olar ki, əhali avtomobillərdən ötən dövr ərzində istifadəni azaltmağa başlayıb.  Yollardakı tıxaclar isə heç də avtomobillərin çoxluğu ilə bağlı deyil. Burada əsas amil avtomobil axınının idarəedilməsindən yaranır. Çünki bizdə əhalinin sayının (10,1 milyon nəfər) avtomobillərin sayına (1 milyon 435 min ədəd) nisbəti baxımından 0,14 əmsalı alınır. Bu isə inkişaf etməkdə olan ölkələrlə müqayisədə belə yüksək göstərici deyil. Yaşı 5-ə qədər olan avtomobillərin sayında isə Azərbaycan ümumiyyətlə, aşağı göstəricilərə malikdir.  

İlham Şaban

0

Your Cart