logo

“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir

Views: 360

“Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti ilk dəfə olaraq bu yataqda bütün qazma prosesini idarə etməyə başlayır.

Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə “Ümid” qaz-kondensat yatağındakı “Ümid-1” platformasında yeni istismar quyusunun qazılmasına start verilib.

SOCAR-ın yaydığı məlumata görə, “Ümid-1” platformasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində onun istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilib.

Ümid -1 platformasında aparılan əsaslı təmir işlərindən sonra burada əlavə 2 quyu qazılması mümükün olacaq.

Bu gün qazılması başlanılan quyunun layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir.

Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın“Neftqazelmitədqiqatlayihə” İnistutu tərəfindən aparılmış, Böyük Britaniyanın məşhur Norwell mühəndislik şirkəti ilə razılaşdırılmışdır. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılmışdır. İlk dəfə olaraq burada bütün qazma prosesi UBOC Əməliyyat Şirkəti (“Ümid” yatağının işlənməsi, “Babək” strukturunda kəşfiyyat işlərinin aparılması məqsədi ilə yaradılmış əməliyyat şirkətidir – red. ) tərəfindən idarə ediləcəkdir.

“Ümid” – Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində yerləşən qaz-kondensat yatağıdır.

“Ümid” strukturu 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. 1977-1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib.

2009-cu ilin iyununda “Ümid” dəniz strukturunda işlərin görülməsi üçün SOCAR “Ümid” MMC yaradılıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i “Nobel Oil Exploration & Production” (Böyük Britaniyanın Vircin adalarında qeydiyyatı olan ofşor şirkət) şirkətinə məxsusdur.

“Ümid-1” platforması 2009-cu ilin iyununda istifadəyə verilib. Burada ilk kəşfiyyat quyusunun qazılmasına həmin ilin avqust ayında başlanılıb.

2010-cu il noyabrın 24-də Azərbaycanın ilk neft naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun 100 illik yubileyi Bakıda təntənə ilə qeyd edilərkən SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə iştirakçı olan jurnalistlərə “özəl” bir xəbər verir: “2009-cu ilin avqustundan bəri “Ümid” dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib”.

Bu, SOCAR-ın müstəqillik illərində açdığı ilk karbohidrogen yatağı idi. Elə həmin gün əlamətdar hadisə ilə bağlı SOCAR rəhbərliyini tam tərkibdə Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edir və onun ilk sözü bu olur: “”Ümid” ümidimizi doğrultdu”.

SOCAR yatağın ehtiyatlarını 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirir.

1999-cu ildə “Şah-dəniz” yatağının açılmasından sonra “Ümid” Xəzərdə kəşf edilən ikinci qaz yatağı oldu. 2013-cü ilin avqustunda isə SOCAR “Bulla-dəniz” yatağının dərin qatlarında (5800-6000 metr) yeni bir məssuldar lay açdı.

2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

SOCAR tarixində ən dərin quyu da “Ümid-1” platformasından qazılıb. 2019-cu ilin aprelində SOCAR AQŞ qazma şirkəti burda dərinliyi 6810 metr olan quyu qazmağa müvəffəq olub.

İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz 540 min ton kondensat hasil edilib. Hazırda yataqdakı “Ümid-1″patformasından 3 quyu istismar edilir.

0

Your Cart