Neftə olan tələbatın azalması və əmtəə qiymətlərinin düşməsi səbəbindən Afrikanın ən zəngin iqtisadiyyatlarından biri olan Nigeriyanın gələcəyi təhdid edildi.
“Bloomberg” agentliyinin yazdığına görə, xammal qiymətləri dünya bazarlarında 2020-ci ildə koronavirus pandemiyası və mart ayında OPEC + sazişi üzrə razılığın əldə edilməməsi səbəbindən aşağı düşdü. Bundan sonra xammalın dəyəri XX əsrin sonlarındakı qiymətə qədər azaldı, nəticədə kartel ölkələri və ondan kənar neft gücləri hasilatı azaltmaq üçün yeni bir saziş imzalamağa məcbur oldular. Mayın 1-OPEC+ öhdəliklərinin həyata keçirilməsi qüvvəyə minib.
Razılaşma nəticəsində neft qiymətləri bərpa olunmağa başladı. Mayın 6-da “Brent” markalı neftin bareli 30 dollarhəddini keçdi. Bununla yanaşı, iqtisadiyyatı neft ixracından asılı olan Nigeriya üçün çox mürəkkəb vəziyyət hökm sürür.
Belə ki, dünya bazarında Nigeriyanın satdığı neft “Brent” markasından 10 dollar aşağı qiymətə ticarət edilir. Bu, ölkənin büdcə gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olur.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, neftin hazırkı aşağı qiymətlərində 2020-ci il üçün Nigeriyanın dövlət büdcəsinə 26,5 milyard dollar az vəsait daxil olması proqnoz edilir. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə neft gəlirləri 54,5 milyard dollar səviyyəsində idi.
Vəziyyəti ağırlaşdıran digər amil isə koronavirus pandemiyasından əvvəl Nigeriya neftinə tələbatın azalması oldu. Şist bumu səbəbindən ABŞ Afrika ölkələrindən, o cümlədən Nigeriyadan neft idxalını azaltdı.
Neftin Nigeriya Ümumi Daxili Məhsulunda (ÜDM) xüsusi çəkisi yalnız 9 faiz təşkil etsə də, onun ixracatı ölkənin xarici valyuta gəlirlərinin 90 faizindən çoxunu təşkil edir.
Bu baxımdan hazırkı neft böhranı Nigeriyaya elə bir ağır zərbə vurdu ki, illərdir BVF-nun kreditlərindən yayınan hökumət ondan 3.4 milyard dollarlıq kredit xətti açmasını xahiş etdi. “Bloomberg” ekspertləri ehtimal edirlər ki, Nigeriyanın daha 3,5 milyard borc alması gözlənilir. BVF-nin proqnozuna görə, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,4 faiz azalacaq. Koronavirus və neft qiymətlərinin aşağı düşməsindən yaranan böhrandan əvvəl Nigeriya ÜDM-nin 2 faiz artacağı gözlənilirdi.
* Nigeriya Afrikanın həm əhali sayına görə (195 milyon nəfər), həm də iqtisadiyyatın həcminə görə, ən iri ölkəsi hesab edilir. Nigeriyanın ÜDM-i 2019-cu ilin yekunlarına görə, 2,55% artaraq 410 milyard ABŞ dolları təşkil edib. Adambaşına düşən ÜDM 2144 dollar olub. 1 aprel 2020-ci il tarixinə ölkənin valyuta ehtiyatları 33,44 milyard dollar təşkil edib. Nigeriyada neft 1957-ci ildən hasil edilir. Son onillikdə orta günlük neft hasilatı 2 milyon barel təşkil edib (ildə 100 milyon ton), 2020-ci ilin fevralında hasilat 1,8 milyon baelə qədər azalmışdı. Nigeriya həmçinin maye qaz ixacına görə dünyanın altıncı ölkəsi hesab edilir.