Türkiyənin BOTAS qaz şirkəti 2020-ci ilin sentyabr ayında Cənubi Qafqaz Boru Kəməri magistralı ilə Türkiyəyə nəql olunan Azərbaycan qazının qəbulunu 5 gün müddətinə dayandırmağı planlaşdırır.
Bu barədə BOTAS məlumat yayıb.
“SCPC şirkəti (South Caucasus Pipeline Company) ilə razılaşmaya əsasən, 2020-ci il sentyabrın 7-dən 11-dək BOTAS təmir-profilaktika işləri ilə əlaədar özünün qaz nəql şəbəkəsinə Azərbaycan qazının qəbulunu dayandıracaq”, – məlumatda qeyd olunur.
BOTAS bildirir ki, texniki xidmət və təmir üzrə plana uyğun işlərin keçiriləcəyi dövrdə qaza tələbat və təklif arasında balansda heç bir problemin meydana gəlməsi gözlənilmir.
2020-ci ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum) ilə sutkada orta hesabla 23,1 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $165 mln., istismar xərcləri $8 mln. təşkil edib.
Cənubi Qafqaz Boru Kəməri ilə “Şah-dəniz”in “Mərhələ-1” qazı ixrac edilir.
interfx.az