logo

“Alana da, satana da sərfəlidir, həm də havanı təmizləyir” – MÜSAHİBƏ

Views: 417


Azərbaycanda CNG yanacağının istifadəsi nəticəsində son beş ildə 30 min ton istixana qazlarının emissiyası azalıb, 22 milyon manata qənaət edilib

“Alana da, satana da sərfəlidir, həm də havanı təmizləyir” – MÜSAHİBƏ | FED.az

Dünyada COVİD-19 pandemiysından sonra enerji bazarında vəziyyət necə olacaq? Yəqin bu sualın cavabı bir ənənəvi enerji ölkəsi olan Azərbaycanın vətəndaşlarını daha çox maraqlandırır. Çünki Azərbaycan XIX əsrin ortalarından iqtisadiyyatını məhz neft üzərində qurub və onun sayəsində inkişaf edib və etməkdədir.

Martın 6-dan isə dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşması dövrü başladı. Neft qiymətlərinin aprelin 20-dən ümumiyyətlə 20 dollardan baha satılmaq uğrunda mübarizəsi aparılır. Beynəlxalq maliyyə və enerji agentlikləri isə cari il üçün Brent markalı nefin orta qiymətinin 35 dollar olacağı barədə proqnozlar verirlər. Ənənəvi enerji daşıyıcıları içərisində lider sayılan neft öz dəyərini ilin əvvəlində formalaşan qiymətindən artıq 3 dəfə itirib. Neftin kəskin ucuzlaşması artıq martın sonlarında dünya bazarlarında onun qiymətini daş kömürdən ucuz etdi. Ucuz neft bir qədər sonra təbii qazın satış qiymətlərini kömürlə eyniləşdirdi. Dünya enerji balansında hazırda neftdən sonra qərarlaşan kömür, hansı ki, 1960-cı ildə onun yarısına sahib idi, bu gün bazarda sürətlə mövqelərini itirməkdədir. Təbii qaz qısa bir müddətdə dünya enerji balansında üçüncü yerdəki mövqeyini kömürü aşmaqla ikinci yerdə bərqərar edəcək. Belə olan şəraitdə qlobal enerji bazarının istehlakçı seqmenində yaxın və orta perspektivdə hansı trendləri müşahidə edə bilərik? Bu suallara cavab almaq üçün FED.az “SOCAR PETROLEUM” QSC-nin İnnovasiyalar üzrə direktor müavini Elnur Mustafayevlə “Caspian Barrel”  Neft Araşdırmaları Mərkəzinin söhbətini təqdim edir:

Elnur müəllim, elə isə neftin perspektivləri necə görünür?

Elnur Mustafayev

–        Əksər iqtisadi proqnozlar postneft dövrünün təsvirləri ilə yadda qalıb və hətta BP şirkətinin 2040-cı ilə qədər dünya enerji ehtiyaları ilə bağlı hesabatında belə bir fikir səsləndirilirdi ki, bu əsrin ortalarına qədər planetdə aşkar edilmiş neft ehtiyatlarının ancaq yarısını hasil etmək mümkün olacaqdır. Bu da ondan yararlanır ki, neft artıq bir ənənəvi enerji daşıyıcısı kimi özünün indiki funksiyasını tansformasiya etmiş olacaq. Yəni ondan 60%-dən çox nəqliyyat sektorunda, 20%-dən artıq energetikada isifadə edilirdisə, nisbətən yaxın gələcəkdə bu sektorlarda daha bu dərəcələrdə ehtiyac duyulmayacaq. Neft daha çox kimya sənayesi, təbabət və bir sıra yeni sahələr üçün xammal bazası rolunda çıxış etməli olacaq. Nəqliyyat sektorunun gələcəyini əksər proqnozlarda bu əsrdə YAŞIL ENERJİ ilə bağlayırlar.

Ancaq dünyanın bu il qarşılaşdığı pandemiyaya deyərdim ki, bəzi məsələləri korrektə etməyə gətirib çıxaracaq. Ənənəvi enerji – neft və qazın ucuzluğu onların qlobal bazarda xüsusi çəkisini daha da artıracaq. Kütləvi istehlak bazarında ənənəvi enerji daşıyıcılarına tələbat artdıqca onların da qiyməti bazarın tələblərinə müvafiq bərqərar olacaq. Lakin pandemiya dövründə dünya iqtisadiyyatının daralması, enerjiyə olan tələbatın azalmasına və qiymətlərin artmasına öz məhdudiyyət effektini göstərəcək. Gələn il üçün neft qiymətinin 42-43 dollar, 2022-ci ildə 50 dollar ətrafında olması proqnoz edilir. Demək, yaxın beşillik üçün enerji daşıyıcıların orta qiyməti əvvəlki beşilliklərlə müqayisədə ucuz olması bir reallıqdır. Yeni texnologiyaların həm məişətdə, həm sənayedə və maşınqayırmada, həm  xidmətlər sahəsində tətbiqi enerjidən səmərəli istifadənin daha da sürətləndirilməsi və alternativ enerji sektorunun inkişafı isə ənənəvi enerji daşıyıcılarına tələbatının artmasına əlavə aşağı salma effekti göstərəcək. Başqa bir tərəfdən qlobal miqyasda ekoloji standartların getdikcə sərtləşdirilməsi məsələləri də burada öz sözünü demiş olacaq.

Siz çox maraqlı bir məsələyə toxundunuz. Pandemiya dövründə avtonəqliyyatın hərəkəti minimuma endirildiyindən dünyanın bir çox şəhərlərində atmosferin təmizləndiyinə dair hesabatlar dərc edildi. Belə qənaətə gəlmək olarmı ki, şəhər rəhbərliklərinin postpandemiya dövründə ekoloji vəziyyətinin qorunması üçün avtonəqliyyat vasitələri üzərində nəzarəti gücləndirilməsi məqsədə uyğundur.

–        Tamamilə doğrudur, məsələn Bakı şəhəri ilə bağlı məsələyə toxunmaq istərdim. Azərbaycanda hazırda qeydiyyatda olan 1,4 milyon avtonəqliyyat vasitəsindən təqribən yarısı ölkə paytaxtında və Abşeron yarımadasında fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı məlumata əsasən, burada atmosferin çirkləndirilməsinin 80%-i məhz avtonəqliyyat vasitələri hesabına formalaşır. Sənayenin payı fikir versəniz xeyli azdır.

Məlumdur ki, ölkənin avtonəqliyyat parkı köhnəlmiş vəziyyətdədir. Kütləvi yenilənən hələ ki, avtobus parkıdır. Minik avtomobilləri içərisində yaşı 5 ilədək olan avtomobillərin xüsusi çəkisi isə 6%-dir, yük nəqliyyat vasitələrinin – 4%. Yaşı çox olan avtomobillərin isə istismar qaydalarına uyğun istehlak edilməməsi havaya atılan zərərli maddələrin daha da çoxalması deməkdir. Bundan əlavə, AVRO-6 ekoloji standartı ilə bağlı Avropa ölkələrində uyğunsuz dizel mühərrikli avtomobillərin istismarına qadağaların qoyulması və ya vergilərin artırılması ilə əlaqədar olaraq onların Azərbaycan bazarına axınını sürətləndirib. Bunu son illər ərzində ölkənin dizel istehlakının artımındakı dinamikada da müşahidə etmək mümkündür.      

Bu baxımdan Azərbaycan paytaxtının ekoloji vəziyyətinin sağlamlaşdırılması məsələsi aktualdır. Bakıda karantin zamanı ekoloji durumun yaxşılaşmasını sadəcə gecələr çoxalmış ulduzların müşahidəsi ilə də görmək mümkün idi. Çünki atmosferə buraxılan zərərli maddələrin azlığı şəhərin üzərindəki atmosfer qatını daha şəffaf şəkildə saxlamağa imkan yaradırdı.

Bu vəziyyətin nəzarətdən çıxmamasının qarşısını almağın yeganə yolu isə ekoloji təmiz yanacaqdan faydanlanmaqdır. Hazırda bizim bazarda əlçatan ekoloji təmiz CNG yanacağıdır. CNG yanacağı ilə çalışan avtomobillərin sayını, əsasən də gündəlik kommersiya məqsədli hərəkətdə olan avtonəqliyyat vasitələrinin xüsusi çəkisini artırılması şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər.

Yanarkən ətraf mühitə istixana qazları 20-30%, zəhərli maddələr isə 3-6 dəfəyə azalması səbəbindən CNG ekoloji təmiz yanacaq hesab edilir. Hazırda bizim bazarda yeganə yerli istehsal olan yanacaqdır ki, kimyəvi emal edilməmiş halda istifadə edilərkən Avro 5 və Avro 6 ekoloji standarlarının tələblərinə cavab verir.

Bu baxımdan Nazirlər Kabinetinin 73 N-li qərarı da məhz 2022-ci ilə qədər Bakıda bütün ictimai nəqliyyatın CNG yanacağına keçirilməsini nəzərdə tutur.   

Bildirmək istərdim ki, 2015-2019-cu illərdə SOCAR-ın istehsal və satış edildiyi CNG yanacağının həcmi 62,6 milyon kubometr təşkil etmiş, bu da respublikanın atmosferinə emmissiya edilən və istixana qazlarının əsas komponenti olan karbon dioksidin miqdarının 30 min ton azalmasına səbəb olmuşdur. Bu miqdar isə yarım milyon ağacların istehlak etdiyi karbon dioksidin miqdarını əvəz edir.  Eyni zamanda istehlakçılar tərəfindən 22 milyon manat  məbləğində vəsaitə qənaət edildi.

Elnur müəllim, CNG-nin Azərbaycan iqisadiyyatı üçün ümumi perspektivlərini necə qiymətləndirmək olar?

–        Qeyd etmək lazımdır ki, CNG-nin tətbiqi əsasən o ölkələrdə daha səmərəli olur ki, həmin ölkə təbii qaz hasilatçısı olsun. Çünki ölkə qazı sadəcə xammal şəklində ixrac etməklə kifayətlənmir, həmçinin daxili bazarında əlavə dəyər yaratmaqla ondan daha faydalı yararlanmaq imkanı qazanır. Bu zaman sadəcə qazın boru kəməri ilə yanacaqdoldurma məntəqələrinə çatdırılması və kompressor qurğuları ilə sıxılaraq avtomobillərə vurulması təmin edilir.  

CNG təkcə onu satanlar üçün deyil, ilk növbədə istehlakçılar üçün faydalıdır. Məsrəfləri iki dəfə aşağı salır. Bu yanacaq qurğuları faktiki olaraq istənilən avtomobil üçün qısa bir zamanda quraşdırıla bilir və ya zavod şəraitində nəqliyyat vasitələrinə quraşdırılaraq satışa çıxarılır. Mühərrikə zərər verməyən CNG istifadə edərkən yağın dəyişdirilmə müddəti uzanır. Təbii qazda işləyən mühərriklər digər yanacaqlarda çalışan mühərriklərə nisbətən daha uzun ömürlüdür.

Bu baxımdan, CNG-nin ölkədə geniş yayılması istehlakçılar tərəfindən neft məhsullarına qənaət edilməsinə gətirib çıxaran faktora çevrilir, ölkə isə əvəzində daxili bazarda tənzimlənən qiymətlərlə satılması nəzərdə tutulan dizel yanacağını və benzini xarici bazarlara ixrac etməklə daha çox vəsait əldə etmək imkanı qazanır. Bundan əlavə kommersiya qurumlarının CNG-dən yanacaq kimi istifadə etməsi onların mal və xidmətlərin satışı zamanı nəqliyyat xərclərinə qənaət edilməsi deməkdir ki, bu da rəqibləri ilə müqayisədə bazarda rəqabətə davamlıq imkanlarının yüksəldilməsi deməkdir. Və nəhayət, CNG-nin hərtərəfli tətbiqi ətraf mühit məsələlərinin həllinə nail olunması üçün geniş imkanlar açır ki, bunun da əsas amili insan sağlamlığı ilə bağlıdır.

İlk baxışdan sadəcə bir yanacaqdır, ancaq hal-hazırda Azərbaycan üçün multiplikator effektinə malik bir iqtisadi-sosial zəncir halqasını təşkil edən innovasiyadır.

İlham Şaban

0

Your Cart