logo

Neft hasilatı mayın əvvəlindən tez azaldılmayacaq

Views: 175

OPEC+ formatı çərçivəsində neft hasilatının may-iyun ayları ərzində gündəlik  9,7 milyon barel azaldılması barədə bu yaxınlarda əldə edilmiş razılaşmanın şərtləri nəzərdə tutulduğu kimi may ayının 1-dən icra olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, mənbələrin dediklərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqa iri neft istehsalçıları bazardakı təlaşı sakitləşdirmək üçün hasilatın azaldılmasını tezləşdirmək barədə müzakirə aparmağa ehtiyac görmür. 

Mənbələrdən biri deyib: “Biz belə qənaətdəyik ki, WTI markalı neftin ucuzlaşması müəyyən texniki və möhtəkirlik amillərinin üst-üstə düşməsi nəticəsində ortaya çıxıb. Hasilatın azaldılması təsirini göstərəndə bazar öz-özünü tənzimləyəcək”.

Başqa mənbənin sözlərinə görə, aprel ayı üçün bütün tədarük müqavilələri artıq imzalandığına görə hasilatı maydan əvvəl azaltmaq mümkün olmayacaq.

Qeyd edək ki, hasilatı daha tez azaltmaq fikrini bundan əvvəl İraqın neft naziri Tamir Qadban irəli sürmüşdü. İraqla yanaşı, bəzi ölkələrin təşəbbüsü ilə aprelin 21-də OPEC-də neft bazarındakı vəziyyətlə bağlı virtual müzakirələr aparılıb. Bu müzakirələrdə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt kimi ölkələr iştirak etməyiblər. Həmçinin Monitorinq Komitəsinin may ayına təyin edilmiş iclası da qətiləşməyib.

Xatırladaq ki, hasilatın azaldılmasına dair aprelin 12-də əldə edilmiş sözügedən razılaşma nəticəsində əvvəlcə bazarda artım baş verdi, “Brent” markalı neft 36 ABŞ dollarınadək yüksəldi. Lakin bu artım çox çəkmədi, eyni “Brent” markalı neft aprelin 22-dəki səhər hərracında 17 ABŞ dollarından satılırdı. Şimali Amerikanın WTI markalı nefti isə 20 aprel tarixli hərraclarda ilk dəfə olaraq mənfi rəqəmlərə geriləyərək -40 ABŞ dolları səviyyəsinə enmişdi. Belə bir vəziyyətin səbəbi daha çox WTI markalı neftin tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının ifrat həddə dolması ilə bağlıdır. Bu səhər WTI markalı neft 10 dollar/bareldən satılırdı. Ekspertlərin fikrincə, “Brent” də bolluq nəticəsində bir az da ucuzlaşa bilər, lakin mənfi rəqəmlərə enməsi ağlabatan deyil.

report.az

0

Your Cart