logo

“Azeri Light” markalı neft 12,6% ucuzlaşıb

Views: 188

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti bu gün $2,35 – $16,25-dək ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.

“Bu gün “Azeri LT CIF” markalı neftin bir barrelinin qiyməti $2,35 və ya 12,6% ucuzlaşaraq $16,25 təşkil edib”, – mənbə bildirib.

Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir barreli “Brent” markalı neftdən $2,25 baha idi. Lakin son zamanlar “Azeri Light” nefti “Brent” markalı neftdən ucuz qiymətə satılır.

SOCAR-dan “Azeri Light” markalı neftin “Brent”lə müqayisədə aşağı dəyərini Aralıq dənizi bazarında qara qızıla tələbin azalması ilə izah ediblər.

2020-ci il aprelin 22-də Azərbaycan neftinin bir barrelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb.

“Azeri LT CIF” markalı neftin bir barrelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.

2020-ci ilin I rübündə “Azeri Light” markalı neftin bir barrelinin orta qiyməti $53,07 təşkil edib.

“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.

Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.

interfax.az

0

Your Cart