2021-ci ildə Xəzərin Azərbaycan sektrorunda “Abşeron” yatağından ilk qaz hasilatına başlanılacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaq. Ona görə bu gün ölkəmizdə reallaşan böyük qaz layihələri bu məqsədi güdür. “Şahdəniz-2” layihəsinin işə düşməsi və gələn il “Abşeron” yatağından böyük həcmdə təbii qaz hasilatı bizim qaz potensialımızı bundan sonra da təmin edəcək”, – Əliyev bildirib.
2016-cı il noyabrın 21-də SOCAR və “Total” arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – operator) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.
2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.
Layihə çərçivəsində illik 5 milyard kubmetr qaz hasil oluna bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barrelə yaxın kondensat hasil olunacaq.