logo

SOCAR yayda Metanol zavodunu planlı təmirə dayandıracaq

Views: 119

“SOCAR Methanol” MMC cari ilin iyul-avqust aylarında planlı təmirə dayandırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“İyul-avqust aylarında Metanol zavodunun təxminən 1,5 ay müddətinə planlı təmirə dayandırılması planlaşdırılır. Müəssisənin bəzi avadanlıqları əsaslı təmir olunmalı, qalan qurğuların isə sazlığı yoxlanılmalıdır”, – deyə o bildirib.

İdarə rəisi xatırladıb ki, “SOCAR Methanol”un məhsulları əsasən ixraca yönəldilir, buna görə zavodda aparılacaq planlı təmir işləri ölkə daxilində metanola olan tələbatın ödənilməsinə təsir göstərməyəcək.

Daha əvvəl İ.Əhmədov bildirmişdi ki, 2020-ci ildə SOCAR 480 min tona yaxın metanol istehsal etməklə istehsalın həcmini 2019-cu ilin göstəricisi ilə müqayisədə 25%-ə qədər artırmağı planlaşdırır.

Hökumətin məlumatına görə, 2019-cu ildə Azərbaycan $64 milyon 575,06 min dəyərində 388 min 392,9 ton metanol ixrac edib. Tədarükün əsas həcmi Türkiyənin ($29 milyon 691,12 dəyərində 181 min 371,7 ton) payına düşüb. Qalan həcm İtaliya, Misir, Niderland, Rumıniya və digər ölkələrə ixrac edilir.

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu AzMeCo şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.

SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-yə verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.

interfax.az

0

Your Cart