logo

SOCAR-ın Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi 2024-cü ildə istismara veriləcək

Views: 155

SOCAR-ın Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi 2024-cü ildə istifadəyə veriləcək.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib.

O bildirib ki, artıq qiymətləndirmə və mühəndislik işləri başlayıb. Təxminən 1,8 milyard dollarlıq investisiya nəzərdə tutulur. 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində zavodun inşasına başlanması gözlənilir. Hədəfimiz zavodun tikintisini 2024-cü ildə başa çatdırmaqdır. Bu zavod sayəsində Türkiyənin saf tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Hazırda “Petkim” Türkiyənin neft-kimya məhsuluna tələbatının 18 faizini ödəyir. Bu sərmayə ilə həmin nisbət 40 faizədək artacaq.

Xatırladaq ki, 2018-ci ilin dekabrında BP və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”ə 800 milyon dollaradək investisiya qoyulub.

azertag.az

0

Your Cart