logo

SOCAR-ın daxili təqaüdünü qazanmış tələbələrə plastik kartlar verilib

Views: 34

“SOCAR Tower”də Dövlət Neft Şirkətinin Azərbaycan gənclərinin inkişafı məqsədilə həyata keçirdiyi 2018-2019-cu tədris ili üzrə Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçirilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin və kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirak etdikləri tədbirdə müsabiqəyə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə əyani təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələri, habelə müvafiq ixtisaslar üzrə əyani və qiyabi təhsil alan magistrantların (ümumilikdə 2300 nəfərdən artıq gənc) müraciət etdiyi, onlardan 94-ü uğur qazandığı qeyd edilib. Ümumilikdə isə 2005-ci ildən etibarən SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət etmiş 25 mindən çox tələbədən 2159 nəfər SOCAR-ın təqaüdçüsü olub. İndiyədək Daxili Təqaüd Proqramının 193 qalibi SOCAR-da müsabiqədənkənar işlə təmin olunub.

Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis edib. Təqaüd proqramı ilk illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə şamil edilir.

0

Your Cart