logo

SOCAR bu il 7,2 mlrd kubmetr qaz hasil etməyi planlaşdırır

Views: 28

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 7,6 mln. ton neft, 7,2 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov “Reuters” agentliyinə bildirib.

Azərbaycan bu il qaz hasilatını artırmağı, mövcud yataqların vəziyyətinə görə neft hasilatını isə azaltmağı planlaşdırır.

O qeyd edib ki, Azərbaycanda 2020-ci ildə 38,4 mlrd. kubmetr qaz hasilatı planlaşdırılır. Bu isə 2019-cu ildəki qaz hasilatı göstəricisindən (35,6 mlrd. kubmetr) çoxdur. Neft hasilatının isə ötən ildəki 37,5 mln. ton həcmlə müqayisədə 36,5 mln. ton olması nəzərdə tutulur.

“Bizim vəzifəmiz qarşıdakı 4-5 il ərzində stabil neft hasilatını və daha sonra mövcud və yeni yataqlarda kəşfiyyat işlərini genişləndirməklə idarə olunan azalmanı təmin etməkdir. “Bulla-Dəniz”, “Qərbi Abşeron”, “Pirallahı”, “Darvin Bankası” və bəzi quru yataqlarda yeni qazma işlərinin neft hasilatını sabit saxlaması gözlənilir”,- Y.Lətifov əlavə edib.

Y.Lətifov qeyd edib ki, 2020-ci ildə “Şahdəniz” qaz-kondensat yatağından 18,96 mlrd. kubmetr qaz, 4 mln. ton kondensat hasil edilməsi planlaşdırılır. 2019-cu ildə yataqdan qaz hasilatının həcmi 16,8 mlrd. kubmetr, kondensat hasilatının həcmi 3,7 mln. ton təşkil edib.

O qeyd edib ki, “Abşeron” qaz-kondensat yatağında ilkin qaz hasilatı üçün ilk kəşfiyyat quyusunun qazılmasından sonra SOCAR və “Total” ən azı daha üç quyunun qazılması ilə nəticələnəcək yatağın tam işlənməsi işinə başlayır.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, “Abşeron” yatağından hasilatın 2021-ci ilin ortalarında başlanılması gözlənilir: “Yatağın ehtiyatları 300 mlrd. kubmetrdən çox qiymətləndirilir ki, bu da plato səviyyəsində ildə 5 mlrd. kubmetr qaz hasilatına imkan verir”.

Bundan başqa, Y.Lətifov bildirib ki, bu il SOCAR “Ümid” qaz-kondensat yatağından qaz hasilatını 850 mln. kubmetrdən 960 mln. kubmetrə, kondensat hasilatını isə 140 min tondan 143 min tona artırmağı planlaşdırır. O bildirib ki, “Babək” yatağından ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin əvvəlinə nəzərdə tutulub.

SOCAR-ın vitse-prezidenti eyni zamanda məlumat verib ki, “Qarabağ” yatağından Norveçin “Equinor” şirkəti ilə birgə ilk qiymətləndirmə quyusunun qazılmasının fevralın sonuna başa çatması gözlənilir.

0

Your Cart