logo

“SOCAR AQŞ” Azərbaycanda GRI standartlarında hesabatlar hazırlayan ilk şirkət olacaq

Views: 101

“SOCAR AQŞ” MMC hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə (GRI) üzv olub. Bu barədə şirkətin məlumatında deyilir.

““SOCAR AQŞ” hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb”, – deyə məlumatda bildirilir.

“SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib ki, müasir şəraitdə dünyada baş verən iqtisadi proseslər, qloballaşma və digər qlobal amillər hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsini zəruri edən bir sıra mühüm çağırışları labüd edir.

“Öz fəaliyyətində hesabatlılığı və şəffaflığı ən önəmli prinsiplərdən hesab edən “SOCAR AQŞ” bu sahədə ən yüksək dünya standartlarını ardıcıl olaraq tətbiq edir. GRİ standartlarına əsasən hazırladığımız hesabatlar bütün maraqlı tərəflərdə, o cümlədən sifarişçilərdə, beynəlxalq maliyyə institutlarında və təchizatçı şirkətlərdə müəssisənin fəaliyyətində tam şəffaf və etibarlılıq mühitinin yaradılmasına dair əminlik yaradır. GRI-yə üzvlük beynəlxalq miqyasda müəssisənin korporativ nüfuzunun möhkəmləndirilməsinə əsaslı dəstək olacaq”, – deyə o qeyd edib.

“GRI-yə qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir”, – deyə məlumatda bildirilir.


1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən GRİ hesabatlılıq standartlarına görə dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır.

GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir.

İstənilən təsisatın fəaliyyətində GRI standartlarının tətbiqi risklərin müəyyənləşdirməsi və idarə edilməsinə, maraqlı tərəflərlə konstruktiv əlaqələrin genişləndirilməsinə, rəqabətədavamlılığın, nüfuzun və etimadın artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edir.

* “SOCAR-AQŞ” MMC 2007-ci ildə təsis edilib. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. 

SOCAR AQŞ Banqladeş, Ukrayna və Türkiyədə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan layihələrin icrasını uğurla həyata keçirir.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

  SOCAR AQŞ 2018-ci ilin noyabr ayında BMT Qlobal Sazişinə qoşulub.

  Müəssisə 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub.

0

Your Cart