logo

Neft Daşlarının ehtiyatları 18-20 mln. ton səviyyəsində qiymətləndirilir

Views: 55

SOCAR perspektivdə Neft Daşları yatağında 50-60 yeni quyu qazmağı planlaşdırır, buradakı neft ehtiyatlarını isə 18-20 mln. ton səviyyəsində qiymətləndirir.

Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Neft hasilatının effektivliyinin artırılması üzrə işlər nəticəsində, 2018-ci ilin yekunları üzrə “Neft Daşları” NŞÇİ tərəfindən 1 mln. tondan çox hasil olunub. Neft Daşları yatağı işlənməsinin son mərhələsində olmasına baxmayaraq, burada 5 yeni özül meydançanın istifadəyə verilməsi, həmçinin 50-60 yeni hasilat quyusunun qazılması planlaşdırılır. Beləliklə, Neft Daşları yatağı hələ bir neçə onillik ərzində Azərbaycanın ümumi neft hasilatına töhfə verəcək”, – Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda Neft Daşlarında qalıq ehtiyatın həcmi 210 mln. ton neft təşkil edir. Eyni zamanda, mövcud texnologiyalardan istifadə olunmaqla hasil olunan neft ehtiyatları 18-20 mln. ton həcmində qiymətləndirilir.

“Lakin, gələcəkdə yeni texnologiyalar sayəsində ehtiyatların səviyyəsinin artması istisna olunmur”, – Əhmədov bildirib.

Onun sözlərinə gör, 70 il ərzində yatağda 2 minə yaxın quyu qazılıb, 200 km uzunluqda estakada, 333 istehsalat sahəsi inşa edilib, 100 km neft və qaz boru kəmərləri çəkilib.

“Ötən dövr ərzində Neft Daşları yatağından 176 mln. ton neft və 13,6 mlrd. kubmetr təbii qaz hasil olunub. Ümumilikdə, “Neft Daşları” NQÇİ tərəfindən işlənən “Neft Daşları” və “Palçıq pilpəsi” yataqlarından indiyədək 186 mln. ton neft və 14,3 mlrd. kubmetr təbii qaz hasil olunub. Bununla, NQÇİ bütün istifadə dövrü ərzində ölkədə neft hasilatının 13%-ni təmin edib”, – Əhmədov bəyan edib.

O, həmçinin məlumat verib ki, hazırda “Neft Daşları”nda 331 saylı meydançadan yeni quyuların qazılması həyata keçirilir. Bütövlükdə burada hər birinin sutkalıq debiti 10 ton neft səviyyəsində proqnozu ilə 10 quyunun qazılması planlaşdırılır.

“Artıq 4 quyu qazılıb. Həmin quyulardan sutkalıq hasilat ümumilikdə 48 ton təşkil edir. Hazırda 830 metr faktiki dərinliyi olan beşinci quyu qazılır”, – o əlavə edib.

Həmçinin,Əhmədov məlumat verib ki, 2019-cu ilin 9 ayı ərzində NQÇİ tərəfindən 790 min ton neft və 72 mln. kubmetr qaz hasil olunub.

“Neft Daşları” – unikal və ilk dəniz yatağıdır. Neft Daşları dirəklər üstündə qurulmuş şəhərdir. “Neft Daşları”nda neft hasilatı 1949-cu ildə başlanıb və noyabr ayında hasilatın başlanmasının 70 illiyi qeyd olunacaq.

interfax.az

0

Your Cart