Çin ABŞ sanksiyalarından çəkinir, yoxsa ABŞ-Çin ticarət müharibəsi səngimək üzərədir?
Çinin dövlət neft şirkəti CNPC İranın “Cənub Pars” (dünyanın ən böyük qaz yatağı) yatağı üzrə “11-ci Faza” layihəsini tərk etdi.
Səbəb kimi ABŞ-ın İrana qoyduğu sanksiyaları qeyd etdi.
Adəti üzrə, xüsusilə də, ABŞ-Çin ticarət müharibəsi fonunda, Çinin sanksiyalara (nə qədər) məhəl qoyub-qoymayacağı, yəni İranla marağında olduğu iqtisadi münasibətləri (nə qədər) məhdudlaşdırıb-məhdudlaşırmayacağı, maraq doğururdu.
Məsələn, ABŞ-ın qoyduğu sanksiyalara görə, Fransanın “Total” qaz şirkəti “Cənub Pars” layihəsini artıq 2018-ci ilin 20 avqust tarixində rəsmən tərk edib. Ötən lin iyununda “11-ci Faza”nın işlənməsi üzrə imzalanan müqavilə onu nəzərdə tuturdu ki, əgər Fransa şirkəti hər hansı bir səbəb üzündən layinə tərk edərsə, onda CNPC onun payına sahib olmaq hüququ var. Hadisələrin inkişafı isə göstərdi ki, Çin şirkəti nəinki layihənin operatoru olmağa can atmadı, gələcək fəaliyyətində layihədə heç səhmdar kimi qalmaq fikrindən də vaz keçdi.
Bu qədər gözləyib indi çıxmağın isə iki səbəbi ola bilər. Birincisi, CNPC başa düşdü ki, ABŞ ona da sanksiya qoya bilər. Çünki keçən ay ABŞ iki Çin şirkətinə artıq sanksiya tətbiq etdi. Bununla ilk dəfə idi ki, ABŞ Çin dövlət şirkətlərinin sanksiyadan sığortalanmaq fikrini aradan qaldırırdı. Güman ki, bunu görən CNPC ABŞ-ın sanksiyalarına tuş gəlməmək üçün İranın cəlbedici qaz layihəsindən çıxmaq qərarına gəldi.
İkincisi, ABŞ-Çin ticarət müharibəsi səngimək (yumşaqlıqla bağlı bəyanatlar artıq özünü hiss etdirir) üzrədir. Ya tərəflər bir-biri ilə artıq dil tapmağa başlayıblar və bəzi məsələlərdə razılaşıblar ki, İran məsələsi də onlardan biridir. Yəni, artıq Çin ABŞ-la razılışab ki, İran məsələsində onun mövqeyini dəstəkləyəcək. 10-11 oktyabrda baş tutan ABŞ-Çin ticarət danışıqlarının növəti raundunun nəticəsi kimi də biz bunu qeyd edə bilərik. Prezident Donald Tramp bildirib ki, Vaşinqton və Pekin ikitərəfli ticarət mübahisələrini həll etmək üçün “əhəmiyyətli bir mərhələyə” daxil olublar. “CNBC” telekanalı hesab edir ki, bu mərhələ artıq ticarət sazişinin imzalanması deməkdir. Ağ Ev rəhbəri, öz növbəsində, razılaşmanın üç həftədən sonra yekunlaşdırılacağını və noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı ilə başa çatacağını qeyd edib.
Öz növbəsində ABŞ Maliyyə Nazirliyinin rəhbəri Stiven Mnuçin ABŞ-ın gələn həftədən Çin mallarına rüsum artırılması ilə bağlı addım atmayacağını bəyan edib. “Rüsumlarda 30 faizlik artım olmayacaq”, deyə maliyyə naziri bildirib.
Görünən isə budur ki, Çin ABŞ-la bağlı münasibətlərdə ziddiyyətli məsələləri azaltmaq istəyir. Çünki ortada yüz milyardlarla dollar dəyərində olan kommersiya maraqları var. Bu maraqlar isə Çin iqtisadiyyatının aparıcı qüvvəsidir. Bir İran layihəsindən çıxmaqla, hətta onun masştabı nəhəng olsa belə, Çin iqtisadiyyatına zərər yetməz, amma ABŞ-la münasibətlərin gərginləşməsindən çox şey itirmək mümkündür ki, onun bərpa edilməsi sonradan xeyli zaman və əmək hesabına reallaşarsa belə, ancaq fantastik kapital qoyuluşu da tələb edər.
Bir şeyi nəzərə almaq lazımdır ki, indiki dövrdə siyasi güclərin atdığı addımlar ideoloji hədəfə deyil, iqtisadi maraqlara tuşlanıb.
Ariz Hüseynov
Xüsusi olaraq Caspian Barrel üçün