logo

H.Əliyev ad. NEZ-in tam modernləşdirilməsi 2025-ci ilədək davam edəcək

Views: 225

SOCAR 2024-cü ilin sonu – 2025-ci ildə H.Əiyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yenidənqurma və modernləşdirilmə işlərini tamamilə başa çatdırmağı planlaşdırır.

Bu barədə bu gün jurnalistlərə layihənin direktoru Nihal Allahverdiyev məlumat verib.

“İnterfax-Azərbaycan” agentliyinin məlumatına görə, daha əvvəl layihənin 2021-ci ilin sonunadək başa çatdırılması planlaşdırılırdı.

“Mərhələli şəkildə həyata keçirilən layihənin 2024-cü ilin sonu – 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. 2025-ci ildə BNEZ-in illik emal gücü 7,5 mln. ton təşkil edəcək”, – deyə layihə direktoru bildirib.

N.Allahverdiyevin sözlərinə görə, layihədə mövcud qurğuların yenidən qurulması üzrə işlərlə bağlı dəyişikliklər olub. Xüsusilə, əvvəlcə 6 qurğunun – ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi və amin regenerasiya qurğularının yenidən qurulması nəzərdə tutulurdu.

“Lakin keçən ilin oktyabr ayında zavodun təmirə dayandırıldığı zaman
İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkətinin keçirdiyi texniki auditin nəticələrinin təhlili nəticəsində məlum oldu ki, yenidən qurulmalı olan bu qurğular nexniki baxımdan nəzərdə tutulduğundan da pis vəziyyətdədir. Bu isə işlərin həcmini kəskin şəkildə artırır və yenidənqurma dəyərini yeni qurğuların tikintisi dəyərinə bərabər edirdi”, – deyə o izah edib.

Layihə direktoru qeyd edib ki, katalitik krekinq qurğusunun yenidən qurulması çərçivəsində avadanlığın 90%-ə qədərinin dəyişdirilməsi tələb olunur. Bundan başqa, bu halda qurğunun planlaşdırılan 2 ay ərzində deyil, 15-18 aylıq müddətə dayandırılmasına zərurət yarana bilərdi. Bu isə öz növbəsində, Azərbaycana böyük həcmdə avtomobil benzini, dizel yanacağı, təyyarə yanacağı və “Azərkimya” İstehsalat Birliyinin zavodları üçün xammalın idxal edilməsinə və böyük xərclərə səbəb ola bilərdi.

Bütün bu faktları nəzərə alaraq TR şirkəti (BNEZ-dəki qurğuların yenidən qurulması üzrə podratçı – İF) və layihənin idarə edilməsi üzrə podratçı (PMC) SOCAR-a mövcud ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi və Amin regenerasiya qurğularını yeniləri ilə əvəz etməyi tövsiyə edib.

N.Allahverdiyevin sözlərinə görə, tövsiyələr SOCAR-a təqdim edilib və sözügedən qurğuların, eləcə də 25-30 il ərzində yüksək keyfiyyətli yanacaq istehsal etmək və zavodun uzun müddət etibarlı istismarını təmin etmək üçün ən müasir texnologiyalar tətbiq olunmaqla əlavə hidrogen istehsalı qurğusunun tikintisi ilə bağlı qərar qəbul edilib.

“Artıq bu istiqamətdə iş aparılır. Paralel olaraq 2021-ci ildə “Euro-5” standartlarına cavab verən dizel yanacağının istehsalının təmin edilməsi və yeni qurğuların işə salınması üçün mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı işini təmin etmək məqsədilə kiçik yenidənqurma işləri aparılacaq”, – deyə layihə direktoru bildirib.

O deyib ki, hazırda illik neft emalı gücü 6 mln. ton olan BNEZ-də 6 işlək qurğu var: ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi və kokslaşdırma qurğuları. Modernləşdirmə və yenidənqurma nəticəsində 2021-ci ildə BNEZ-dəki qurğuların sayı 17-ə, 2025-ci ildə isə 24-ə çatdırılacaq.

N.Allahverdiyev əlavə edib ki, zavodda “Euro-5” standartları üzrə avtomobil benzini istehsalı yüksək keyfiyyətli dizel istehsalına başlanıldıqdan bir qədər sonra təşkil ediləcək.

O vurğulayıb ki, hazırda layihənin dəyəri $2,2 mlrd. təşkil edir, lakin yekun qiymət yeni qurğuların tikintisi üçün podratçıların seçilməsindən sonra müəyyən edilərək açıqlanacaq.

Caspian Barrel bildirir ki, layihənin dəyəri artıma doğru dəyişəcək, çünki
əvvəlki $2,2 mlrd. qiymətləndirilməsi zamanı yeni qurğuıarın tikintisi nəzərə alınmamışdı.

0

Your Cart