logo

Azərbaycan mayda gündəlik neft hasilatını 776 min barrelədək artıb

Views: 104

2019-cu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 776 min barrel (cari ilin aprel ayında 683 min barrel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

“Cari ilin may ayı ərzində respublikada gündəlik neft hasilatı 776 min barrel olub. Bunun 699 min barrelini xam neft, 77 min barrelini kondensat təşkil edib”, – deyə məlumatda qeyd olunur.

Cari ilin yanvar-may aylarında respublikada orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.

OPEC+ sazişi çərçivəsində Azərbaycan 2019-cu ildən etibarən gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barrel – 776 min barrelədək azaltmalıdır.

“Azərbaycan OPEC+ sazişi çərçivəsində götürdüyü öhdəliyi tam yerinə yetirir”, – deyə məlumatda vurğulanır.

Mayda Azərbaycandan gündəlik 494 min barrel xam neft (apreldə 390 min barrel), 75 min barrel kondensat, 14 min barrel isə neft məhsulları ixrac edilib.

“Energetika Nazirliyi may ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb.

2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.

interfax.az

0

Your Cart