logo

SOCAR Türkiyədə qaz paylanma biznesinə start verdi

Views: 86

Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi yekunlaşıb.

Bu barədə SOCAR-ın məlumatında deyilir.

“EWE Turkey Holding”-ə aid olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji ve Millenicom’un SOCAR Türkiyə’yə satışı tamamlanıb. İyunun 17-də Türkiyədə müvafiq sənəd imzalanıb.

İmzalanma mərasimində SOCAR Türkiyə İdarə Heyətinin sədri Vaqif Əliyev, SOCAR Türkiyə icraçı direktoru Zaur Qəhrəmanov, EWE AG icraçı direktoru Stefan Dohler, EWE AG baş maliyyə inzibatçısı Wolfgang Mücher ilə iki şirkətin rəhbər şəxsləri qatılmışdır.

“2019-cu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət bu gündən etibarən STAR neft emalı zavodu, TANAP, Petkim, “SOCAR Terminal” və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu “SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilir.

Vaqif Əliyev “Bursagaz” ve “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirmiş və əlavə etmişdir:  “12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən “Bursagaz”“Kayserigaz”ı “SOCAR Türkiyə”nin strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəlmisiniz” demək istəyirəm”. 

SOCAR cari ilin yanvar ayında “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”in və qrupa daxil olan şirkətlərin satın alındığını elan edib.

Türkiyə KİV-nin məlumatına görə, SOCAR tərəfindən “EWE Turkey Holding”in və “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un satın alınması üzrə sövdələşmənin dəyəri $140 mln. təşkil edir.

“EWE Turkey Holding” “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü ən iri təbii qaz tədarükçüsüdür.

Satın alınan şirkətlər arasında telekommunikasiya sektoruna aid “Millenicom”un da olduğunu xatırladan V. Əliyev bu şirkətin tikintisi TANAP ilə birlikdə davam edən 1.850 kilometrlik SOCAR Fiber layihəsi ilə sinerji yaradacağına əminliyini ifadə etmişdir.

0

Your Cart