logo

Xəzərdə sualtı borudüzən gəmidə partlayış

Views: 211

Mayın 8-də Xəzər Dəniz Neft Donanmasına məxsus borudüzən “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

“İsrafil Hüseynov” gəmisini hazırda İtaliyanın “Saipem” şirkəti icarə müqaviləsi əsasında Azərbaycanın neft-qaz əməliyyatlarına xidmət üçün istifadə edir. 

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin “texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması” maddəsi ilə cinayət işi başlanıb.

Verilən rəsmi məlumata əsasən, saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində
texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verib.

Yanğln zamanı Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət “Saipem” şirkətinin 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumatda o da bildirilib ki, gəminin heyət üzvləri arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alanlar “Citadel” gəmisi vasitəsi ilə Bakıya çatdırılıblar və dərhal Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdiriliblər.

Dünən “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralanan 3 nəfərin vəziyyəti kritikdir.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Qafqazinfo”ya açıqlamasında bildirib:

“Mərkəzi Neftçilər Xəstəxanasına 14 nəfər yerləşdirilib. Onlardan 7-si stasionar şəraitdə müalicə alır, 7-si isə reanimasiyadadır. Reanimasiyada olanlardan 3-nün vəziyyəti kritikdir. Bədənlərinin 40%-i yanıb. Stasionar şəraitdə olanlar 2-3 günə evə buraxılacaqlar”.

Qeyd edək ki, vəziyyəti ağır olanlardan ikisi azərbaycanlı, biri malayziyalıdır. 

0

Your Cart