logo

Azərbaycan apreldə gündəlik neft hasilatını 683 min barrelədək azaldıb

Views: 502

Respublikada aprel ayında gündəlik neft hasilatı 683 min barrel olub. Bu haqda Caspian Barrel-ə Azərbaycan energetika nazirliyindən məlumat veriblər.

Məlumata əsasən, bu həcmlərin  605 min barrelini xam neft, 78 min barrelini kondensat təşkil edib.

Gündəlik 390 min barrel xam neft, 75 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac edilib.

Xatırladaq ki, mart ayında Azərbaycanın gündəlik neft ixrac həcmləri 586 min barel, kondensat ixracı 84 min barel, neft məhsulları ixracı isə 19,7 min barel olmuşdu.

Beləliklə, aprelin yekunlarına görə mart ayı ilə müqayisədə neft hasilatı 15,26%, kondensat hasilatı 7,14%, xam neft ixracı 33,45%, kondensat ixracı ixrac həcmləri 10,71%, neft məhsulları ixracı isə 3,55% azalıb.

Caspian Barrel-in bazar iştirakçılarından dəqiqləşdirdiyinə görə, ixracın apreldə azalmasına iki faktor təsir edib: Rusiyanın “Transneft” şirkətinin yaydığı məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk üzərindən cəmi 173 ton neft nəql edib. Həmçinin aprel ayının 15-dən başlayaraq “BP-Azerbaijan” şirkəti modernizasiya məsələləri ilə əlaqədar olaraq “Mərkəzi Azəri” platformasında hasilatı tam dayandırıb. Burada gündəlik olaraq təqribən 150 min barel neft hasil edilirdi.

Energetika nazirliyinin məlumatında bildirilir ki, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib. Qeyd edək ki, cari ilin  yanvar-aprel aylarında orta gündəlik neft hasilatı 770 min barrel təşkil edib.

Xatırlatmaq istərdik ki, 2018-ci ilin yekunlarına görə, Azərbaycanda orta günlük neft hasilatı 792,6 min barel təşkil etmişdi.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

Caspian Barrel

0

Your Cart