logo

BP AÇG-də Exxon və Chevron-un paylarını alacaqmı?

Views: 124

Böyük Britaniyanın “BP” şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsində ABŞ-ın “Exxon Mobile” və “Chevron” şirkətlərinin paylarının satın alınmasını nəzərdən keçirməyə hazırdır.

Картинки по запросу bp

Bu barədə şirkətin baş icraçı direktoru Robert Dadli Çində keçirilən LNG-2019 beynəlxalq konfransının kuluarlarında jurnalistlərə məlumat verib.

Bu xəbər Bakıda yayılan kimi yerli media BP-nin AÇG-dəki payının artırılmasının Azərbaycanın enerji layihələrinə təsirini araşdıran materiallar dərc etməyə başladı. Sanki Dadlinin dilə gətirdiyi məsələ artıq həyata keçmiş bir fakt idi.

Bəs reallıq necədir? Diqqət edək “BP Group” şirkəti rəhbərinin sözlərinə:
“AÇG”-də iştirakımız bizi məmnun edir. Düşünürəm ki, payımızı artırmaq imkanı meydana gələrsə, bu bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq”, – deyə o bildirib.

Fikir verirsinizmi Robert Dadli xüsusilə vurğulayır ki, BP-nin Amerika şirkətlərinin payını alması qiymətdən asılıdır. Yəni onların təklif etdiyi qiymət kommersiya baxımından cəlbedici olmasa, onda sövdələşmə baş tutmayacaq.

BP rəhbəri həmçinin onu da əlavə etməyi unutmur ki, “hələlik “Exxon Mobile” və “Chevron” öz paketlərini qiymətləndirirlər və satış üzrə tenderə başlamayıblar”.

Dadlinin sözlərindən belə nəticəyə gəlmək olar ki, “Exxon Mobile” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarını satması ilə bağlı xəbərlər mediada 2018-ci il dekabrın əvvəlində yayılmasına baxmayaraq, bu günə qədər onlar Xəzərdəki hasilat paylarının satışı ilə bağlı hər hansı tender etməyiblər. Tender prosedurunun keçirilməməsi isə qiymətləndirilmə prosesinin hələ başa çatmaması ilə əlaqədardır.

Bəs BP-nin AÇG-də payını artırmaqda marağı nədir? Burdan həmçinin cəmiyyətdə birmənalı qarşılanmayan ikinci bir sual ortaya çıxır: Amerika şirkətləri bu layihəni siyasi amillərlə deyil, sırf iqtisadi maraqlara görə tərk edirlərsə, onda BP-nin kommersiya maraqları ilə onların maraqları arasında nə fərq var belə?

Birincisi, BP AÇG layihəsi üzrə işlərə start veriləndən – yəni 1995-ci ilin yanvarından “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsinin operatoru olub. Ikincisi, BP-nin Azərbaycan layihələri şaxələndirilib. Yəni, BP Azərbaycanda həm kəşfiyyatla, həm hasilatla məşğul olur, eyni zamanda Azərbaycanın 3 ixrac boru kəmərinin operatoru rolunda çıxış edir. Bundan əlavə, BP Azərbaycanın təkcə neft sektorunda deyil, həmçinin qaz sektorunun da aparıcı layihələrinə rəhbərlik edir. Eyni zamanda BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ölkənin hüdudlarından kənardakı layihələrdə də birgə əməkdaşlıq edir. Bu layihələr əvvəllər boru kəmərləri üzərində cəmləşsə də, ötən ildən başlayaraq Türkiyədə emal sənayesində (İzmirdə yeni kimya kompleksinin tikintisi layihəsi), Özbəkistanda isə karbohidrogenlərin kəşfiyyatı və işlənməsi layihəsi üzərində qurulub.

Yuxarıda adı çəkilən Amerika şirkətlərinin Azərbaycandakı maraqları isə uzun illərdir ki, BP-nin rəhbərliyi altında olan layihədə “passiv səhmdar” rolunda çıxış etmək olub. Ona görə də onların hasilatı bundan sonra azalmağa doğru gedən layihədə aktivlərini satıb və əldə edilən gəliri dünyanın digər yerlərində və ya ABŞ-ın neft aktivlərinə yerləşdirilməsi daha cəlbedicidir. BP üçün isə bir layihədə neftin azalması, digər layihədə qazın sürətlə artımı ilə müşayət edilir və ümumilikdə neft ekvivalenti hesabı ilə şirkətin kommersiya maraqlarına xidmət edir.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzi Caspian Barrel-in rəhbəri



0

Your Cart