logo

Azərbaycanda qazın güzəştli qiymətlərlə limitləri 29,4% artırıldı

Views: 124

Azərbaycanda güzəştli qiymətlə təbii qazın illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək (29,4%) artırılıb.

Belə bir addım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə atılıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 30-da keçirdiyi brifinqdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarını şərh edərkən deyib.

Report-un məlumatına görə, nazir qeyd edib ki, aprelin 30-da Tarif Şurasının iclası keçirilib və müvafiq qərar qəbul edilib.

“Bu günədək güzəştli tariflə illik istehlak limiti 1700 kubmetr idi. 1,5 milyon abonent və ya 6 milyon nəfər bu güzəştdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (təxminən 1 milyon 200 min nəfər) də bu imkanlardan istifadə edəcək. Beləliklə, güzəştli tariflərdən abonentlərin 70 faizi istifadə edirdisə, bugünkü qərardan sonra həmin göstərici 85 faizədək artacaq. Qərar mayın 1-dən qüvvəyə minəcək”, deyə nazir bildirib.

“Bu qərar dövlətimizin başçısının humanist addımı kimi, öz vətəndaşlarına diqqət və qayğısının göstəricisi kimi qiymətləndirilməlidir”, – Ş.Mustafayev vurğulayıb.

Caspian Barrel bildirir ki, hazırda “Azəriqaz” İstehsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 240 minə yaxındır.

0

Your Cart