logo

2018-ci ilin II yarısından enerji sisteminin bərpasına $148 mln yönəldilib

Views: 98

“Azərenerji” ASC enerji sisteminin bərpası proqramı çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə 251,5 mln. manat (cari məzənnə ilə $147,9 mln.) yönəldib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Azərbaycanın enerji sisteminin bərpası proqramının ümumi dəyəri 560 mln. məbləğində qiymətləndirilir. İlkin mərhələdə xüsusilə “Azərbaycan” İES-lə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinə “Azərenerji”nin vəsaitlərindən 111,5 mln. manat, dövlət büdcəsindən isə 140 mln. manat yönəldilib”, – deyə məlumatda bildirilir.

Proqram 2018-2020-ci illəri əhatə edir və “Azərenerji”nin generasiya güclərinin optimallaşdırılması və bərpasını nəzərdə tutur. 2018-ci ildə proqram çərçivəsində Mingəçevirdə 500 KV-luq yarımstansiyada və “Azərbaycan” İES-in 6-cı blokunda təmir işləri yekunlaşdırılıb, hidrogen və oksigen istehsalı qurğuları yenilənib.

2019-cu ildə bu elektrik stansiyasının 7 enerji bloku da yenidən qurulacaq.

Bundan başqa, 3 il ərzində bütün modul tipli elektrik stansiyalarının, eləcə də “Şimal”, “Cənub” və “Sumqayıt” kimi iri İES-in fəaliyyətinin optimallaşdırılması üzrə işlər həyata keçiriləcək.

Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.

“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub. Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.

Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.

Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işlərə xarici ekspertləri cəlb edib.

0

Your Cart