logo

“SOCAR Polymer”in kreditləri 6 ilə qaytarılacaq

Views: 314

Bu il Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən “SOCAR Polymer”in Polipropilen Zavodunda 140 min ton məhsul istehsalı nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

O qeyd edib ki, indiyədək (ötən ilin oktyabrından), təxminən, 25 min ton polipropilen ixrac edilib: “Hazırda polipropilen Rusiya, Türkiyə, Ukrayna, Belarusa satılır, yaxın zamanda Avropa, Çin və Hindistana ixrac planlaşdırılır. Polipropilen Zavodunun tam gücdə testləri keçib və 1-2 ay ərzində tam gücdə çalışmağa başlayacaq”.

Xatırladaq ki, “SOCAR Polymer” layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub.

Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq 170 ton məhsul Türkiyə bazarına ixrac olunub. Məhsulun ixracını SOCAR-ın ticarət qolu – “SOCAR Trading” şirkəti həyata keçirir. Layihənin investisiya dəyərinin 60%-i Rusiyanın “Qazprombank”ından cəlb edilmiş vəsait hesabına ödənilib. 

F.Cəfərov bildirib ki, cəlb edilən kreditin qaytarılmasına ötən ilin dekabr ayından başlanılıb və kredit 6 aydan bir ödəniş olmaqla 6 il ərzində qaytarılacaq. 

Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. Şirkətin səhmdarları SOCAR (52,2%), “Vitol” (19%), “PAŞA Holdinq” MMC (9,9%), “Ecoland” (9,8%), “Polimer Investments” (5%) və AKKIK (4,1%) şirkətləridir.

0

Your Cart