Görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edilib
Prezident İlham Əliyev və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Bakı və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edilib, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb”, – deyə məlumatda bildirilir.
Prezident İ.Əliyev bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.
G.Ottinger bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.
interfax.az