Dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar SOCAR-ın təxliyə edilən neftçiləri cümə gününün ikinci yarısında öz fəaliyyətlərini davam etdirəcəklər
Bu barədə SOCAR-ın məlumatında deyilir.
Xəbər verildiyi kimi, yanvarın 17-də dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar yanvarın 15-də SOCAR tərəfindən 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədi ilə növbətçilər sahələrdə saxlanılıb.
“Hazırda dəniz özüllərində vəziyyət sabitdir. Hava şəraiti tədricən normallaşır. Daha əvvəl təxliyyə edilmiş neftçilər günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər”, – məlumatda deyilir.
Şirkətin məlumatına görə, yanvarın 18-nə keçən gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.