2018-ci ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) dövlət büdcəsinə 1 mlrd. 604,514 mln. manat vergi ödəyib ki, bu da 2017-ci ilin göstəricisindən 6,2% çoxdur.
Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
2018-ci ildə şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta üzrə ödənişləri 172 mln. 469 min manat (artım 10,6%) təşkil edib.
“Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur”, – deyə məlumatda şirkətin prezidenti Rövnəq Abdullayevə istinadən bildirilir.
2017-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 511,033 mln. manat, DSMF-yə 155,984 mln. manat vəsait ödəyib.
SOCAR-ın 2018-ci ildə dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 380 mln. manat məbləğində müəyyən edilib.
interfax.az