logo

AÇG-dən əldə edilən gəlir açıqlanıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $9 mlrd. 720 mln. məbləğində gəlir əldə edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

“2018-ci ildə AÇG yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından ARDNF-in gəlirləri $9 mlrd. 720 mln. təşkil edib. Bundan başqa, hesabat dövründə “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından fonda $245 mln. məbləğində vəsait daxil olub”, – deyə məlumatda bildirilir.

Bütövlükdə, 2001-ci ildən 2019-cu il yanvarın 1-dək AÇG blokundan hasil edilən mənfəət neftinin satışından fonda $138 mlrd. 206 mln. məbləğində vəsait daxil olub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. Yatağdan qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart