logo

“Bulla-dəniz” yatağında yeni dəniz özülü istismara verilib

Views: 47

Özülün layihəsi SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.

Özüldə qazılacaq quyularda gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensatın hasil ediləcəyi gözlənilir; 

• Quyuların orta dərinliyi 6300 metr təşkil edəcək ki, bu da yüksək texnoloji standartların tətbiqi sayəsində mümkün olacaq; 

• Ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir. 

Dekabrın 24-də “Bulla-dəniz” yatağında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş yeni 12 saylı stasionar dəniz özülü SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə istismara verilib. 

İnşasına 2017-ci ildə şirkətin daxili imkanları ilə başlanılmış özül “Neftqazeİlmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində quraşdırılmışdır. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 12 metrdir. 

Özüldə qazılacaq quyuların orta dərinliyi 6300 metr təşkil edəcək. Bu dərinlikdə qazma işləri yüksək təzyiq şəraitində həyata keçirilir və texnoloji cəhətdən mürəkkəb layihə hesab olunur. Yüksək texnoloji standartların tətbiq olunması nəticəsində SOCAR artıq analoji quyularda uğurlu nəticələr əldə etmiş və mövcud təcrübədən burada da istifadə edəcəkdir. Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan “ZJ -70DBS” qurğusu quraşdırılmışdır. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7000 metrə kimi dərinliyə qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulmuşdur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR son 15 ildə yerli neft şirkətindən nəhəng beynəlxalq şirkətlər qrupuna çevrilmişdir və bu gün Azərbaycanın qlobal brendi kimi ölkəmizə dəyər və gəlir qazandırır. Azərbaycanda və digər ölkələrdə inşa etdiyimiz yeni nəhəng sənaye komplekslərinin xammal ilə təchizatını davamlı şəkildə həyata keçirmək, ən əsası, Azərbaycan xalqının yanacaq və neft-kimya məhsullarına olan tələbatını təmin etmək üçün kəşfiyyat və hasilat kimi ənənəvi fəaliyyət sahələrimizə kapital qoyuluşlarımız vaxtında icra olunur. Bu ilin 11 ayında Azərbaycan neftçilərinin əzmi və fədakar əməyi sayəsində SOCAR üzrə hasilat səviyyəsini ciddi artırmağa nail olmuşuq. Bulla-dəniz-12 kimi müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar uğurlarımızın davamlılığını təmin edəcəkdir. Bu cür yüksək mühəndislik və texnoloji tələblərə cavab verən platformaların artıq SOCAR-ın öz imkanları ilə tikilməsi və quraşdırılması bizim üçün qürur mənbəyidir və SOCAR-ın bu gün bütün sahələrdə artıq müasir qlobal şirkət kimi formalaşdığından xəbər verir.” 

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə demişdir: “Biz Azərbaycan neftçiləri üçün çox əlamətdar olan bir gündə burada toplanmışıq. Bu gün Möhtərəm prezidentimizin, neftçilərin dostu, uzun müddət bizimlə çiyin çiyinə çalışan İlham Əliyev cənablarının doğum günüdür. Bu əziz gündə Dövlət Neft Şirkəti dənizdə, Bulla Dəniz yatağında yeni və yüksək texnologiya ilə təchiz olunmuş 12-ci özülü istismara buraxdı. Belə bir müasir dəniz özülünün Azərbaycan neftçiləri tərəfindən sırf öz imkanlarımızla tikilməsi və quraşdırılması keçmişdə bizə qeyri-mümkün görünürdüsə, bu gün bu artıq reallıqdır. Bu cənab Prezidentimizin xeyir duası ilə və bizə olan dəstəyi, inamı ilə reallaşan mühüm layihələrdən biridir. Azərbaycan neftçilərinin məhz bu əlamətdar gündə, ölkə başçımızın ad günündə ona və Azərbaycan xalqına təqdim etdiyi hədiyyədir.” 

Qeyd edək ki, yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 ədəd vertolyot, 4 ədəd gəmi yanalma və 4 ədəd minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış bloku quraşdırılmışdır. 

* “Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir. Struktur 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş və dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanmışdır. Lakin mürəkkəb geoloji şəraitlə əlaqədar ilk 17 quyu qazılıb başa çatdırılmamışdır. Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilmişdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart