Azərbaycan

2019-cu ildə ARDNF-nin aktivlərinin artımı $2,5 mlrd ola bilər

2019-cu il ərzində Dövlət Neft Fondunun (ARDNF) aktivləri neftin qiyməti 1 barrel üçün 60 dollar səviyyəsində olacağı şərti ilə $2,5 mlrd. arta bilər. Bunu maliyyə naziri Samir Şərifov deyib.

“Neftin orta qiyməti 1 barrel üçün 60 dollar olacağı halda büdcə öhdəlikləri icra olunandan və özünün xərcləri çıxılandan sonra 2019-cu ilin sonuna Fondun aktivləri 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə $2,5 mlrd. qədər arta bilər. Neftin qiyməti 1 barrel üçün 45 dollar civarında olacağı halda isə, Fondun aktivlərinin həcmi dəyişməyəcək”, – S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.

Nazir qeyd edib ki, neftin qiymətinin dəyişməsi yalnız ARDNF-nin gəlirlərinə əsaslanan ümumi büdcənin parametrlərinə təsir edə bilər.

“2019-cu il dövlət büdcəsinin parametrlərinə gəlincə isə, neftin qiymətinin ucuzlaşması yalnız SOCAR və ABƏŞ şirkətləri tərəfindən gəlir vergisi üzrə daxilolmalarında öz əksini tapa bilər”, – S.Şərifov əlavə edib.

Xəbər verildiyi kimi, 2019-cu il dövlət büdcəsində neftin qiyməti 1 barrel üçün 60 dollardan (2018-ci il dövlət büdcəsində $55,1) hesablanıb.

ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.