Azərbaycan

SOCAR keçmiş “Azərneftyağ”ın demontaj edilməsini təxirə salır

SOCAR ELOU-AVT-6 qurğusunun BNEZ-ə köçürülməsi prosesini 2020-ci ildə başa çatdırmağı nəzərdə tutur

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ELOU-AVT-6 qurğusunun keçmiş “Azneftyağ” Neft Emalı Zavodunun (NEZ) ərazisindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi üzrə işləri 2020-ci ildə başa çatdırmağı planlaşdırır. Bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

«Biz bu layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlamışıq. İşlərin dəyəri $75-80 mln. məbləğində qiymətləndirilir. Keçmiş “Azneftyağ” NEZ-də ELOU-AVT-6 qurğusunun sökülərək Heydər Əliyev adına BNEZ ərazisində quraşdırılması prosesini 2020-ci ildə başa çatdırmaq məqsədilə hazırda tender proseduru ilə bağlı məsələ həll olunur»,- deyə T.Qəhrəmanov CBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi sayəsində 2021-ci ildə BNEZ-in neft emalı gücü ildə 8 mln. tonadək artacaq.

Vitse-prezident, həmçinin qeyd edb ki, yaxın vaxtlarda şirkət BNEZ-də yeni bitum istehsalı qurğusunu işə salmağı planlaşdırır.

«Bu obyektin işə salınması üçün hər şey hazırdır. Biz qurğunu hələ sentyabr ayında istismara verməyi planlaşdırırdıq, lakin təmir və modernləşdirmə işləri ilə əlaqədar zavodun fəaliyyətinin dayandırılması səbəbindən bu işi təxirə saldıq. Yaxın günlərdə zavodun fəaliyyəti bərpa olunacaq və bundan sonra bitum qurğusu işə salınacaq», – deyə o bildirib.

T.Qəhrəmanov qeyd edib ki, H.Əliyev adına NEZ-in modernləşdirilməsi üzrə işlərin birinci mərhələsinə burada sıxılmış qazın yüklənmə terminalının inşası və yeni qurğular altında inşaat sahəsinin hazırlanması daxildir. Bu işlər yerinə yetirilib və BNEZ tikinti işlərinin həyata keçirilməsinə hazırdır.

O, həmçinin deyib ki, modernləşdirilmə prosesindən sonra BNEZ-də Avro-5 standartlarına uyğun istehsal olunacaq avtomobil benzininin 75%-i və dizel yanacağının 60%-i, eləcə də təyyarə yanacağının 60%-i daxili bazara yönəldiləcək. Avtomobil benzininin 25%-i, dizel yanacağının 40%-i, təyyarə yanacağının isə 40%-i ixrac olunacaq.

«BNEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinin həyata keçirilməsi yalnız müsbət nəticələr verəcək. Neft məhsullarının keyfiyyətinin artacağını nəzərə alaraq onların dünya bazarında satışından əldə olunan gəlir 2 dəfəyədək artacaq», – deyə vitse-prezident vurğulayıb.

Xəbər verildiyi kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsi zavodun neftin ilkin emalı üzrə gücünün artırılmasını nəzərdə tutur. Hazırda zavodda illik gücü 6 mln. ton olan neftin ilkin emalı qurğusu mövcuddur. Bu həcmin ildə təxminən 8 mln. tona çatdırılması üçün “Azneftyağ” neft emalı zavodundakı 2 mln. ton gücündə ELOU-AVT qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi planlaşdırılır.

H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisini nəzərdə tutur. Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir. SOCAR bütün işləri 2021-ci ilin ortalarınadək başa çatdırmağı planlaşdırır.

BNEZ-in yenidən qurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatacaq. Nəticədə yeni bitum qurğusu, ümumi zavod təsərrüfatı qurğuları və yeni LPG məntəqəsi istifadəyə veriləcək. 2020-ci ilin sonunda BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.

İnterfax.az