Türkmənistan

Türkmənistan Prezidenti ABŞ şirkətlərinə TAPI layihəsində iştirak imkanlarını dəyərləndirməyi təklif edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Türkmənistan-ABŞ” biznes forumundakı çıxışında strateji əhəmiyyət kəsb edən iri layihənin icrasında mümkün əməkdaşlığı xüsusi vurğulayıb.

Söhbət beynəlxalq tərəfdaşlar və iri maliyyə təsisatları tərəfindən dəstəklənən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisindən gedir.

AZƏRTAC Türkmənistanın “TDH” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə prezidenti bu layihənin enerji axınında yeni istiqamət açdığını bildirib. Hindistan və Pakistan kimi dinamik inkişaf edən iri iqtisadiyyatları yanacaqla təmin etməyə şərait yaradacaq bu layihə sayəsində gələcəkdə də Asiya-Sakit okean regionlarının digər inkişaf edən bazarlarına çıxış mümkün olacaq.

Türkmənistan Prezidenti xüsusi vurğulayıb ki, artıq praktik olaraq icrasına başlanılan TAPI bu layihədə iştirak etməkdə maraqlı olan şirkətlər üçün açıqdır və amerikalı tərəfdaşlar öz iştirak imkanlarını real dəyərləndirə bilərlər.

Türkmənistanın “Qalkınış” yatağından başlayaraq Əfqanıstan və Pakistan ərazisi vasitəsilə Şimali Hindistana çəkilən TAPI boru kəmərinin uzunluğu 1800 kilometr olacaq. TAPI-nın layihə gücü ildə 33 milyard kubmetrdir. Layihədə Əfqanıstanın payı 16 faiz, Hindistanla Pakistanın hərəsinin payı 42 faizdir.