Rusiya

SOCAR “Qazprom”dan əlavə qaz almağı planlaşdırmır

SOCAR “Qazprom” PSC-dən əlavə qaz almağı planlaşdırmır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.

«SOCAR-ın prezidenti Rövnəq Abdullayevin bu yaxınlarda Sankt-Peterburqda “Qazprom”un rəhbərliyi ilə görüşü zamanı əməkdaşlığın müxtəlif perspektiv istiqamətləri müzakirə olunub. Rusiyadan Azərbaycana əlavə qaz tədarükü ehtimalına gəlincə, bu məsələ nəzərdən keçirilmir və əlavə tədarük planlaşdırılmır», – deyə o bildirib.

“Qazprom” PSC-nin mətbuat xidmətindən verilən məlumata görə, konsernin rəhbəri Aleksey Miller və SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 12-də Azərbaycana qaz tədarükü məsələsini müzakirə ediblər.Görüşdə qeyd olunub ki, respublikaya qaz ixracının bərpa edildiyi 2017-ci il noyabrın 22-dən etibarən “Qazprom” Azərbaycana 1,15 mlrd. kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

21 noyabr 2017-ci il tarixində “Qazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükü haqqında müqavilə imzalanıb. Tədarükə noyabrın 22-dən başlanılıb. 1 illik müqavilə çərçivəsində Azərbaycana 1,6 mlrd. kubmetr Rusiya qazının tədarükü planlaşdırırlır.

Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib. Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycan Rusiyadan 800 mln. kubmetr təbii qaz idxal edib.