İran

Nazir: Nə Səudiyyə, nə də digər ölkələr İranın neft ixracından yaranacaq kəsiri doldura biləcək

Nə Səudiyyə Ərəbistanı, nə də digər ölkələr İranın neft ixracından yaranacaq kəsiri doldura biləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir ABŞ-ın İran neftinə tətbiq edəcəyi sanksiyalar nəticəsində yaranacaq kəsirin digər qlobal istehsalçılar tərəfindən kompensasiya ediləcəyinə dair şərhlərin bazara təsirinin çox az və ya heç olmadığını bildirib.

“Bazar və yüksələn qiymətlər bazarda təklif çatışmazlığı olduğu və qarşıdakı aylarda çox böyük neft qıtlığının olacağı yönündə haqlı narahatlığın ən yaxşı sübutudur”, – deyə Bijən Namidar Zəncənə əlavə edib.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun ötən həftə “Bloomberg” telekanalına müsahibəsində ölkəsinin ABŞ-ın İrana qarşı sanksiyaları il əlaqədar bazarda yaranacaq kəsiri kompensasiya etmək üzrə öhdəliklərini yerinə yetirdiyini söyləməsini şərh edən İranın neft naziri deyib: “Bu kimi şərhlərin ABŞ-ın səudiyyəli rəsmilər üzərindəki təzyiqdən qaynaqlandığı görünür. Əslində isə nə səudiyyəlilər, nə də digər ölkələr İranın ixracından yaranacaq kəsiri doldura bilməyəcək”.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.