Rusiya

“LUKoil” İrandan neft tədarükünü dayandırıb

Rusiyanın “LUKoil” şirkəti ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalara görə bu ölkədən neft tədarükünü dayandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “LUKoil”un prezidenti Vahid Ələkbərov deyib.

O, İrana qarşı sanksiyalarla bağlı intensiv iş aparıldığını bildirib: “Vəziyyəti dəyərləndirmək üçün noyabr ayından sonra baş verəcək hadisələri gözləyirik. Sanksiyalarla əlaqədar risklər çox böyükdür. Biz hər hansı bir məhdudiyyəti pozmuruq. İrandan neft tədarükünü dayandırmışıq”.

Qeyd edək ki, ABŞ-ın noyabrın 5-dən etibarən İranın neft ticarətini hədəf alan ikinci sanksiya paketini tətbiq edəcəyi gözlənilir.

Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan “LUKoil” qlobal neft hasilatının təxminən 2 faizini həyata keçirir.