“Gazprom” Azərbaycanla qaz sahəsində gələcək əməkdaşlığı müzakirə etməyə hazırdır
“Gazprom” PSC-nin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Avropa bazarında bütün qaz təchizatçıları, o cümlədən də Azərbaycan üçün yer olduğunu qeyd edir.
“Avropa bazarındakı Rusiya və digər təchizatçıların qazı ilə bağlı rəqabətə gəlincə, onu deyə bilərəm ki, Avropada hasilat zəifləyir, idxala tələbat isə durmadan artır. Bazarda bütün təchizatçılara yer çatacaq. İstehlakçılara kommersiya cəhətdən ən cəlbedici tədarük şərtləri təklif edənlər isə rəqabətin ən güclüləri olacaq”, – deyə o, “Gazprom” korporativ jurnalına müsahibəsində qeyd edib.
Sədr müavini vurğulayıb ki, hazırda “Gazprom” Avropa qaz bazarında uğurla rəqabət aparır, şirkət tərəfindən həyata keçirilən rekord həcmdə təchizat bunu təsdiq edir.
A.Medvedev, həmçinin bildirib ki, “Gazprom” ilə Azərbaycan arasında çox gözəl iş münasibətləri yaranıb.
“Azərbaycana qaz tədarükü qüvvədə olan müqavilə çərçivəsində həyata keçirilir. Gələcək əməkdaşlığın perspektivlərinə gəlincə, biz dialoqa hər zaman açıqıq”, – deyə o əlavə edib.