Maraqlı Xəbərlər

Xorvatiya prezidenti: “Zaqreb CQD layihəsinin iştirakçısı olmaq istəyir”

Xorvatiya Azərbaycan qazının Avropaya tədarükü üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olmaq istyəyir. Bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.

Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində (“Cənub Qaz Dəhlizi” – İF) də iştirak edək”, – K.Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.

Onun sözlərinə görə, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir.

“Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”, – prezident əlavə edib.

İ.Əliyev, öz növbəsində energetika sahısində Xorvatiya ilə əməkdaşlığı çox önəmli hesab edir. “Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir.Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək”, – o qeyd edib.

Azərbaycan prezidenti bildirib ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir.“İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”, – o əlavə edib.

İ.Əliyev vurğulayıb ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Bu, onu göstərir ki, biz, qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik”, – Azərbaycan lideri bəyan edib.