Azərbaycan

SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları azalıb

2017-ci ilin yekunları üzrə SOCAR-ın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5%, təsdiq edilmiş qaz ehtiyatlarının həcmi – 42% azalıb

2018-ci ilin əvvəlinə SOCAR şirkəti tərəfindən işlənilən 3 yataq üzrə beynəlxalq hesablamaya əsasən təsdiq edilmiş neft ehtiyatları 66,838 mln. ton, təsdiq edilmiş qaz ehtiyatları – 29,927 mlrd. kubmetr təşkil edib.

Bu barədə şirkətin saytında dərc olunan SOCAR-ın 2017-ci il ərzində “Davamlı inkişaf haqqında hesabat”ında qeyd edilir.

“1 yanvar 2018-ci il tarixinə neft və qaz ehtiyatları üç yataq üçün hesablanıb təsdiq edilib. Hesabatda iştirak edən neft və qaz yataqları: Günəşli, Neft daşları, Bulla-dəniz. 1 yanvar 2018-ci il tarixinə qeyd olunan yataqlarda təsdiq edilmiş neft ehtiyatları 66,838 mln. ton, təsdiq edilmiş qaz ehtiyatları – 29,927 mlrd. kubmetr həcmində qiymətləndirilir”, – hesabatda deyilir.

Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə SOCAR-ın 4 yataq üzrə (Günəşli, Neft daşları, Bulla-dəniz və Ümid-Babək) təsdiq edilmiş neft ehtiyatları 71,503 mln. ton, təsdiq edilmiş qaz ehtiyatları – 51,978 mlrd. kubmetr həcmində qiymətləndirilirdir. Beləliklə, 1 yanvar 2018-ci il tarixinə SOCAR-ın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5%, təsdiq edilmiş qaz ehtiyatlarının həcmi – 42,4% azalıb.

Hesabata əsasən, 2017-ci ildə şirkət tərəfindən 7 mln. 427,1 min ton neft, 6 mlrd. 89,1 mln. kubmetr qaz hasil edilib. Hesabat dövrü ərzində neft emalı 5 mln. 815,5, min ton, qaz emalı 2 mlrd. 918,3 mln. kubmetr təşkil edib.

2017-ci il ərzində quru və dəniz sahələrində ümumilikdə 81 yeni quyu istismara təhvil verilib.

SOCAR-ın məlumatına əsasən, 1 yanvar 2018-ci il tarixinə şirkətin əməkdaşlarının ümumi sayı 50,424 min nəfər təşkil edib (2016-cı ilin göstəricisi ilə müqayisədə azalma 0,6%).