logo

SOCAR “Davamlı inkişaf haqqında hesabat”ını açıqlayıb

Views: 91

SOCAR 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ını açıqlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, hesabat hər il olduğu kimi SOCAR-ın 2017-ci təqvim ili üzrə əldə etdiyi əsas istehsalat və maliyyə göstəricilərini, şirkət və onun struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin Azərbaycanda və ölkə xaricində davamlı inkişafı üzrə fəaliyyət nəticələrini özündə əks etdirir.

Hesabatda bildirilir ki, şirkət 2017-ci ildə büdcəyə 1,5 milyard manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8 faiz və ya 114,7 milyon manat çoxdur. Hesabat ilində şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 milyon ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 milyon ton neft emal edilib.

2017-ci il ərzində qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədilə 1886,2 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, qaz təchizatının yaxşılaşdırılması məqsədilə 221,1 kilometr qaz kəməri əsaslı təmir olunub.

Hesabatda deyilir ki, 2018-ci il yanvarın 1-nə SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən çox olub. 2017-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatlarında İnsan Resursları Departamentinin nümayəndələrinin iştirakı ilə Tarif-İxtisas (kvalifikasiya) Komissiyalarının ümumilikdə 61 iclası keçirilib. Bu iclaslarda 1934 nəfər işçinin Əməyinin Ödənilməsi Dərəcəsinin (ƏÖD) dəyişdirilməsi məsələsinə baxılıb, onlardan 1595 nəfərinin (82 faizi) iddiası təmin olunub.

SOCAR üzrə mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2 min 991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 min 677 nəfər neftçi istirahət və sanatoriya-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 min 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib.

Şirkətin prezidenti Rövnəq Abdullayev 2017-ci ildə davamlı inkişaf istiqamətində görülən işlərlə bağlı deyib: “Biznes portfelimizin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında bazar payımızın artırılması ən mühüm nailiyyətlərimizdən biridir. 2018-ci ildə SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi – Türkiyədə TANAP boru kəməri və “Star” neft emalı zavodu, Gürcüstan və Azərbaycanda “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və Karbamid zavodunun inşası layihələri başa çatacaq. Hazırda şirkətimizin dəyər zəncirinin təkmilləşdirilməsi məqsədilə yeni layihələr hazırlanır – Azərbaycanda SOCAR GPC, qardaş Türkiyədə yeni tereftal turşusu zavodunun inşası ilə bağlı layihələndirmə işləri aparılır. Yaxın bir il ərzində bu istiqamətlərdə də yekun investisiya qərarlarının verilməsi planlaşdırılır”.

SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ı ilə tam şəkildə bu keçiddə http://socar.az/socar/assets/documents/az/socar-annual-reports/Davamlı inkişaf üzrə hesabat – 2017-ci il.pdf tanış olmaq mümkündür.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart