Azərbaycan

“Şahdəniz” layihəsində hasilat gözlənildiyindən çox olacaq

“Şahdəniz-2” yatağı üzrə  hazırda manifoldlardan 4 hasilat quyusu qazılıb.

Caspian Barrel  xəbər verir ki, bu barədə jurnalistlərə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

“Həmin quyulardan hasilatın sabitləşməsi üçün müəyyən vaxt lazımdır. Çünki hazırda quyulardan təbii qaz və kondensatla yanaşı, qum və çınqıl da çıxır. Ona görə də quyuların təmizlənməsi prosesi gedir hazırda”, – deyə Qəri Counz əlavə edib.

O bildirib ki, yataqdakı “Alfa” platforması üzrə bir neçə quyunun da işə salınmasına hazırlıq görülür.

Hazırda qazılmış üç quyunun təmizlənməsi prosesi o deməkdir ki, onlar hasilat etapına daxil edilməyiblər. Bir müddətdən sonra proses başa çatdıqca, bir-birinin ardınca onlardan hasilat başlayacaq və hasil edilmiş qaz “Bravo” platformasında qəbul ediləcək.

Caspian Barrel-in məlumatına görə, “Şahdəniz-2” layihəsi üzrə “Baravo” platforması manofoldlardan hasil edilmiş ilk qazı iyulun 31-də qəbul edərək Səngəçal qaz terminalına ötürüb. Hazırda bu quyudan gündəlik qaz hasilatı 1,5-1,6 milyon kub metr arasında dəyişir.

“Şahdəniz-2” layihəsi Xəzər dənizində həyata keçirilən yeganə layihədir ki, burada platformadan karbohidrogenlərin hasilatı həyata keçirilmir. Ona görə ki, platforma qaz-kondensat yatağının dayaz hissəsində quraşdırılıb, hasilat isə manifoldlardan (sualtı avtomatlaşdırılmış qurğular) dənizin 550 metr dərinliyində həyata keçirilir.

“Şahdəniz-1” layihəsi üzrə hazırda hasilat 6 quyunun kğməyi ilə həyata keçirilir. Burada gündəlik hasilat artıq 31-31,5 milyon kub metr arasında dəyişir. İindiyə qədər “Alfa” platformasında bu göstərici maksimum 29,9 milyon kubmetrə qədər yüksəlmişdi. Ancaq “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlərin təsiri olaraq “Şahdəniz-1”-in imkanları da genişləndirildi.

2018-ci ildə “Şahdəniz” yatağlndan 11,1-11,2 milyard kub metr qazın hasil edilməsi gözlənilir. 2019-cu ildə isə bu göstəricinin 14 milyard kub metrə qədər artması planlaşdırılır.