Azərbaycan

TAP-ın Şəbəkə Kodu üzrə məsləhətləşmə prosesinə başlanıb

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu TAP Şəbəkə Kodu (TAP Network Code) layihəsi üzrə məsləhətləşmə prosesinə başlayıb.

Report” xəbər verir ki, bu barədə konsorsium məlumat yayıb.

TAP Şəbəkə Kodu TAP kəmərinə keçidi, istifadəni və əməliyyatı idarə edən prinsip və qaydaları müəyyən edir.

Bildirilib ki, maraqlı tərəflər Şəbəkə kodu ilə bağlı bütün  təkliflərini avqustun 7 avqust-18 sentyabr müddətində təqdim edə bilərlər.

TAP-ın kommersiya direktoru Mariya Savova bildirib ki, boru kəmərinin inşası davam edərkən, TAP konsorsiumu 2020-ci ildə kommersiya əməliyyatlarına başlamaq üçün intensiv şəkildə çalışır: “TAP Şəbəkə Kodunun yaradılması bu prosesin vacib istiqamətidir. Bu sənəd bütün ötürmə sisteminin operator fəaliyyətini idarə edəcək əsas tənzimləmə sənədidir. Beləliklə, biz bütün maraqlı tərəflərin daxil olmasını gözləyirik”.

TAP boru kəmərinin keçdiyi ölkələrin Milli Tənzimləmə qurumları ilə Şəbəkə Kodunun yekunlaşması üçün çalışır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.