Azərbaycan

İzmirdə yeni neft-kimya kompleksinin inşasına 2019-a planlaşdırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin inşasına 2019-cu ilin iyun ayında başlanması gözlənilir.

Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O qeyd edib ki, yeni neft-kimya kompleksinin texniki-iqtisadi əsaslandırmasının 2019-cu ilin aprel ayında tamamlanması gözlənilir: “Texniki-iqtisadi əsaslandırmanı 2019-cu ilin aprel ayında yekunlaşdıraraq həmin ilin iyun ayında işlərə başlamağı planlaşdırırıq. Yeni neft-kimya kompleksində 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlanması nəzərdə tutulur”.

Z.Qəhrəmanov bu ilin oktyabr ayında istismara verilməsi planlaşdırılan STAR Neft Emalı Zavodunda (NEZ), təxminən, 1 mln. ton neft-kimya xam maddəsi istehsal ediləcəyini, bu həcmin 250 min tonunun “Petkim” neft-kimya kompleksində istifadə olunacağını bildirib: “Qalan 750 min tondan istifadə olunaraq iqtisadiyyata əlavə dəyər qatmaq üçün yeni neft-kimya kompleksinin inşasının həyata keçirilməsi planlaşdırılır. Yeni kompleks də Əliağada həyata keçiriləcək. Bu komplekslə birgə Türkiyənin neft-kimya məhsullarına tələbat 40% təmin ediləcək. Yeni neft-kimya kompleksində ölkədə ən çox tələbat olan neft-kimya məhsulları istehsal ediləcək”.