Azərbaycan

“Şahdəniz” yatağından 5 mlrd. kubmetr qaz hasil edilib

2018-ci ilin I yarısı ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 5 mlrd. kubmetr qaz və 1,1 mln. ton (təqribən 9 mln. barel) kondensat hasil edilib.

Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Bu ilin I yarısında yataqdan hasil edilən qazın həcmi ötən ilin müvafiq dövründən 1,96%, kondensatın həcmi isə 8% azalıb.

Qeyd edilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 32 mln. (ildə təqribən 10,9 mlrd.) kubmetrdir.

Məlumata görə, 2018-ci ilin II rübündə “Şahdəniz” “Alfa” platformasında SDA11 quyusunda qazma işləri bitib və indi bu quyuda tamamlama işləri gedir: “İstiqlal qazma qurğusu SDD04 quyusunu tamamlayıb və sınaqdan keçirib, bundan sonra isə SDG04 quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu SDH02 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu “Şahdəniz” “Bravo” platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında da dörd quyu tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6.7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.