Maraqlı Xəbərlər

İyulda OPEC-in neft hasilatı artıb

İyulda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı iyulda iyun ayı ilə müqayisədə 41 min barrel artaraq gündəlik 32 milyon 320 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 32,8 faizə düşüb.

Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkə Küveyt olub. Bu ölkənin neft hasilatı 78 min 500 barrel artaraq gündəlik 2 milyon 791 min barrelə yüksəlib.

İyulda OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox Liviya, Səudiyyə Ərəbistanı və İranda azalıb. Liviyada istehsal 56 min 700 barrel azalaraq 664 min barrelə düşüb. Keçən ay İranın neft hasilatı 56 min 300 barrel azalaraq sutkada 3 milyon 737 min barrel, Səudiyyə Ərəbistanının istehsalı isə 52 min 800 barrel aşağı düşərək gündəlik 10 milyon 387 min barrel olub.

Dünyada fəaliyyət göstərən neft qazma qurğularının sayı 2 min 233 olub və onların 555-i OPEC-ə üzv ölkələrdədir.