Maraqlı Xəbərlər

I yarımillikdə “Petkim”ə investisiya qoyuluşları $33 mln.-u ötüb

2018-ci ilin I yarısında “Petkim Petrokimya Holding”in inkişafına 178,6 mln. türk lirəsi ($33,1 mln.) məbləğində investisiya qoyulub. Bu barədə holdinqin yarımillik maliyyə hesabatında deyilir.

““Petkim” cari il ərzində zavodlarının modernləşdirilməsinə, texnoloji inkişaf hesabına fəaliyyətinin təkmilləşdirilməsinə, enerji səmərəliliyi və ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərə investisiya qoymağı planlaşdırır. I yarımillikdə “Petkim” bu məqsədlərə 178,6 mln. TL yönəldib”, – deyə məlumatda qeyd olunur.

2018-ci il üçün investisiya proqramına əsasən “Petkim Petrokimya Holding” xlor və qələvi istehsalında biopolyar texnologiyanın tətbiqi üzrə layihənin həyata keçirilməsini davam etdirir.

Layihə xlor və kaustik soda istehsalı zavodunda monopolyar elektroliz texnologiyasından biopolyar elektroliz texnologiyasına keçid, enerjiyə qənaət və proseslərin təhlükəsizliyinin artırılması istiqamətində işlərin həyata keçirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində investisiyalar cari ilin sonunadək istifadə olunacaq.

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.