Azərbaycan

BP: Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99 faiz tamamlanıb.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, cari ilin birinci yarısı ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq iyunun 30-da başlanan ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda, Azərbaycanda layihənin yerüstü qurğularının istismar sınaqları davam edir. Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99 faiz tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir.