Azərbaycan 2018-ci ilin birinci yarısında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 3 mlrd. 193,1 mln. kubmetr qaz ixrac edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 4,5% azdır.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
İyun ayında Azərbaycandan Türkiyəyə 578 mln. kubmetr qaz ixrac olunub. Türkiyəyə qaz tədarükünün ümumi həcminin 19,7%-i Azərbaycan qazının payına düşüb.
İyun ayı ərzində bu ölkəyə 2 mlrd. 922 mln. kubmetr qaz ixrac edilib (2017-ci ilin iyun ayı ilə müqayisədə azalma 19,04%).
2017-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 542,39 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.