Azərbaycan

TANAP-la “Şahdəniz-2” qazı ilə yanaşı Xəzərdəki digər yataqların qazı da daşınacaq

Trans-Anadolu (TANAP) boru kəməri “Şahdəniz-2” qazından savayı Xəzər dənizindəki digər yataqların təbii qazını da daşıya biləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat LeCompte deyib.

O bildirib ki, Türkiyə əvvəllər Bakı-Tbilisi-Ceyhan, Kərkük-Yumurtalıq boru kəmərləri və boğazlar vasitəsilə xam neft üçün keçid rolunu oynayırdı. İndi isə Türkiyə üzərindən Avropaya təbii qaz daşınacağı üçün Türkiyə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən ölkə olacaq. TANAP Türkiyə ərazisindən keçdikdən sonra Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan “Trans-Adriatik” (TAP) boru kəmərinə birləşəcək. TAP-la Azərbaycan təbii qazı ilk dəfə Avropa bazarına çatdırılacaq.

M.LeCompte qeyd edib ki, TANAP ilkin mərhələdə “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazı nəql edəcək. Gələcəkdə isə Xəzər dənizindəki digər yataqlardan və bölgələrdən asanlıqla təbii qaz daşıya biləcək: “TANAP-ın inşasında 10 min nəfərin birbaşa və ya bilavasitə çalışıb. İndiyədək layihə üzrə 82 milyon nəfər/saat iş görülüb. TANAP-ın tikinti işləri bitməyib və hələ də davam edir. Boru kəmərinin Əskişəhərə qədər olan hissəsi tamamlanıb və istifadəyə verilib. Ancaq Əskişəhərdən İpsalaya qədər, yəni Avropaya qaz daşıyacaq hissə üzrə tikinti işləri davam edir. TANAP-ın birbaşa investisiya məbləği 8 milyard dollardır”.

TANAP layihəsinin təbii qazın qiymətinə təsirindən danışan M.LeCompte deyib ki, gələcəkdə başqa qaz mənbələri də Türkiyə üzərindən keçə bilər və burada “hub” adı verilən enerji mərkəzi yaranarsa bunun qiymətə müsbət təsiri olacaq.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.