Rusiya

Rusiya neft istehsalında Səudiyyə Ərəbistanını geridə qoyub

May ayında Rusiyada gündəlik 10,6 milyon barrel neft çıxarılıb. Ümumi ixracda neftin payı isə 28 faiz təşkil edib.

AZƏRTAC “Rosstat”a istinadla xəbər verir ki, may ayında Rusiyada sutkada orta hesabla 10,6 milyon barrel neft çıxarılıb. Rusiya bu göstərici ilə neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyub.

Bu ilin yanvar-may aylarında Rusiyanın ümumi ixracında neftin payı 28 faiz olub. Mayda Rusiya neftinin 1 tonunun ixracı üzrə satış qiyməti 508 dollar olub.

Səudiyyə Ərəbistanı qeyd edilən dövrdə gündəlik orta hesabla 9,99 milyon barrel neft hasil edib.

Qeyd edək ki, Neft İxrac edən Ölkələri Təşkilatı (OPEC) üzrə neft hasilatı mayda gündəlik 31,9 milyon barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Yenilənmiş razılaşma üzrə Rusiya neft hasilatını gündəlik 200 min barrel artırmağı planlaşdırır.